Ölkə ərazisində noyabrın 22-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 7-9°, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi norma daxilində - 762 millimetr civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında arabir yağış yağacağı proqnozlaşdırılır. Bəzi yerlərdə yağışın intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimal edilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 3-8°, gündüz 9-14° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti olacağı bildirilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, noyabrın 22-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, rütubətli hava şəraiti bəzi insanlarda narahatlıq hissi yarada bilər.