logo

Abel Məhərrəmov: "Rektor vəzifəsindən azad olunmağımı şouya çevirməyin!"

12:03 21-11-2018 | icon 2520
Abel Məhərrəmov: "Rektor vəzifəsindən azad olunmağımı şouya çevirməyin!"

"Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad olunmağımı şouya çevirmək istəyirlər, bu da düzgün deyil. Ziyalılığı, milli mentalitetimizi qorumaq lazımdır. Elm zirvəsinə qalxan adamlara dəyər vermək lazımdır. Bu şoulardan əl çəkin!"

 YeniAvropa xəbər verir  ki, bu sözləri Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmov bu gün Fəxri Xiyabanda jurnalistlərə müsahibəsində deyib. O, Yeni Azərbaycan Partiyasının yaranmasının 26-cı ildönümü ilə bağlı keçirilən tədbirlərdə iştirak edib.

Sabiq rektor qeyd edib ki, prezident İlham Əliyevin sərəncamı müzakirə olunmur, icra olunur: “Prezident sərəncamla kimisə vəzifəyə təyin edir, vəzifədən azad edir və s. Bu, təbii qəbul olunmalıdır. Mən 1969-cu ildən Heydər Əliyevçi olmuşam. Bu gün də dövlətçiliyə xidmət edirəm. Mən İlham Əliyev siyasətinə xidmət edən adamam. Həyatda hər şey ola bilir. Əfsuslar olsun ki, bəzi mətbuat orqanları mənim Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad olunmağımı şouya çevirmək istəyirlər, bu da düzgün deyil. Mediaya üzümü tutaraq deyirəm: Bu şoulardan əl çəkin! Bunun heç kəsə xeyri yoxdur. Bu, milləti geri çəkmək deməkdir. Allah Prezidentimizin canını sağ eləsin. O, hər şeyə düzgün qərar verir, ona görə də sərəncamı doğru qəbul edirəm. 20 ilə yaxın idi ki, Bakı Dövlət Universitetinin rektoru vəzifəsində çalışmışam. Bu müddətdə şərəflə, ləyaqətlə işləmişəm. Amma indi məsləhət oldu ki, bir qədər də istirahət edim”.

Abel Məhərrəmov daha sonra Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov barəsində yazılanlara da münasibət bildirib: “Oğlum da mənim kimi Heydər Əliyev siyasi kursuna sədaqətlə xidmət edən adamdır. Sona qədər də belə olacaq”.