Bu ilin yanvar-oktyabr aylarında ölkəyə daxil olan əcnəbi vətəndaşların sayı 2 milyon 416 min nəfər təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1 faiz çoxdur.
YeniAvropa xəbər verir ki, bu haqda Dövlət Turizm Agentliyindən bildirilib. Qeyd edilib ki, hesabat dövründə Asiya və Yaxın Şərq ölkələrindən gələn səyahətçilərin sayında böyük artım müşahidə olunub. Belə ki, 2018-ci ilin yanvar-oktyabr aylarında Yaxın Şərq ölkələrindən gələn ziyarətçilərin sayı 330 min olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 42 faiz artım deməkdir. Bu regiondan Səudiyyə Ərəbistanı, İsrail və Küveytdən olan səyahətçilər üstünlük təşkil edib. Yanvar-oktyabr ayları ərzində ölkəmizə gələnlər arasında Rusiya vətəndaşları 752 min səyahətçi ilə birinci yerdə durur. Rusiyalı səyahətçilər 2017-ci ilin eyni ayları ilə müqayisədə 3,3 faiz artaraq Azərbaycana gələn bütün xarici vətəndaşların 31 faizini təşkil edib.
Hesabat dövrünün statistikasında ən maraqlı fakt Hindistan və Pakistandan gələn səyahətçilərin sayının müvafiq olaraq 183 faiz və 149 faiz artmasıdır.