Dekabrın 10-11-də Azərbaycanda ilk dəfə aqrar və yaşıl texnologiyalar üzrə “AgTech and Green Energy” mövzusunda beynəlxalq forum keçiriləcək. YeniAvropa xəbər verir ki, forum Kənd Təsərrüfatı Nazirliyi və Energetika Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən verilən məlumatda qeyd edilib ki, “Yaşıl gələcək üçün innovasiyalar” şüarı altında keçiriləcək beynəlxalq forumun "ADA" Universitetində keçirilməsi planlaşdırılır.
“AgTech and Green Energy” forumunun əsas məqsədləri Azərbaycanda kənd təsərrüfatı və enerji sahələrinin innovativ inkişafına nail olmaq, müxtəlif maraqlı tərəflər arasında əlaqələri gücləndirmək, dayanıqlı biznes modelləri və əlaqələr qurmaqdır.
Forumda ayrı-ayrı nazirliklərin, dövlət qurumlarının vəzifəli şəxsləri, fermer təsərrüfatlarının rəhbərləri, yaşıl texnologiyalar üzrə xarici ekspertlər, startap və texnoloji şirkətlərin nümayəndələri, özəl sektorun təmsilçiləri iştirak edəcəklər.