logo

Bakıda Türkdilli dövlətlərin PR mütəxəssislərinin görüşü olacaq

17:42 19-11-2018 | icon 2380
Bakıda Türkdilli dövlətlərin PR mütəxəssislərinin görüşü olacaq

Gələn il yanvarın 26-da Bakıda Türkdilli dövlətlərin PR mütəxəssislərinin Birinci Bakı Forumu keçiriləcək.

Forumun təşkilat qrupundan YeniAvropa-ya bildiriblər ki, tədbirin məqsədi türkdilli dövlətlərin ictimaiyyətlə əlaqələr (PR) üzrə mütəxəssisləri arasında təcrübə mübadiləsi üçün yeni platforma yaratmaq və bu ölkələrdə PR sektorunun inkişafına töhfə verməkdir.

Türkdilli dövlətlərin PR mütəxəssislərinin ilk forumunun məhz Bakı şəhərində təşkili ölkəmizin türkdilli dövlətlərin inteqrasiya mərkəzinə çevrilməsinin göstəricisidir. Foruma yerli və xarici qurumlar, ictimai-siyasi xadimlər dəstək verirlər.

Forumda iştirak edəcək xarici qonaqlar üçün xüsusi mədəni proqram da təşkil olunacaq. Bu da bir daha Azərbaycanın mədəni-tarixi irsinin türk dünyası PR mütəxəssisləri tərəfindən təbliğ olunmasına imkan verəcək.

Tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan PR mütəxəssislərinin, həmçinin yerli şirkətlərdə çalışan 200-dən artıq PR mütəxəssisinin iştirakı nəzərdə tutulur. Yaxın günlərdə forumun rəsmi saytı, sosial profilləri istifadəyə veriləcək.

Qeyd edək ki, tədbir Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyasının (APRA) təşəbbüsü və "Baku School of PR", "Alibayov Communication & Consulting" və "PROAKTİV" PR şirkətlərinin təşkilatçılığı ilə baş tutacaq.