Bu ilin yanvar-oktyabr aylarında ölkədən 2 tondan çox narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Respublikası baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov "BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə alt-komissiyasının 53-cü sessiyasında deyib.
O bildirib ki, son dövrlər daxili işlər, gömrük, sərhəd, təhlükəsizlik orqanları tərəfindən müasir telekommunikasiya və informasiya vasitələrinin imkanlarından istifadə etməklə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə işi gücləndirilib, müxtəlif marşrutlar ilə narkotiklərin qaçaqmalçılıq yolu ilə daşınması hallarının aşkarlanması üzrə bir sıra qabaqlayıcı profilaktik və əməliyyat-axtarış tədbirləri həyata keçirilib və cinayətkarlardan külli miqdarda narkotik vasitələr götürülüb.
Baş nazirin müavini qeyd edib ki, 2018-ci ilin 10 ayı ərzində 2655 fakt üzrə 2 ton 286 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb ki, onlardan 1 ton 177 kiloqramını heroin təşkil edib.