logo

9 ayda Azərbaycan- Gürcüstan ticarət dövriyyəsi 450 milyon dollar olub

17:33 17-11-2018 | icon 3213
9 ayda Azərbaycan- Gürcüstan ticarət dövriyyəsi 450 milyon dollar olub

2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 450 milyon dollar təşkil edib.

YeniAvropa xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Gürcüstanın maliyyə naziri İvane Maçavarianinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.

Görüşdən əvvəl Gürcüstan nümayəndə heyəti Bakı Biznes Mərkəzində Azərbaycan iqtisadiyyatına dair məlumatların əks olunduğu stendlərlə tanış olub, qonaqlara ölkə iqtisadiyyatı barədə məlumat verilib.

Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrinə və əməkdaşlıq imkanlarına dair geniş fikir mübadiləsinin aparıldığı görüşdə nazir Şahin Mustafayev ölkələrimizi tarixi dostluq, mehriban qonşuluq əlaqələrinin birləşdirdiyini, siyasi münasibətlərin yüksək səviyyədə olduğunu, 1997-ci ildə strateji tərəfdaşlıq haqqında Sazişin imzalandığını vurğulayıb. Diqqətə çatdırılıb ki, Azərbaycan-Gürcüstan əməkdaşlığının əsas istiqamətlərindən olan ticarət əlaqələri inkişaf edir. 2017-ci ildə Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 545 milyon dollar olub, ixrac 13 faiz artıb. 2018-ci ilin yanvar-sentyabr aylarında isə ölkələrimiz arasında ticarət dövriyyəsi 450 milyon dollar təşkil edib və ixrac 8 faiz artıb. 1995-2018-ci illərdə Gürcüstan Azərbaycan iqtisadiyyatına 93,8 milyon dollar, Azərbaycan isə Gürcüstana 3 milyard ABŞ dollarından çox investisiya yatırıb. Gürcüstana yatırılan investisiyaların həcminə görə ölkəmiz 2012-ci ildən etibarən 1-ci yerdədir. Azərbaycanda 300-dən çox Gürcüstan şirkəti qeydiyyata alınıb, 650-yə yaxın Azərbaycan sərmayəli şirkət, xüsusilə SOCAR Gürcüstanda uğurla fəaliyyət göstərir. İş adamlarının iştirakı ilə mütəmadi birgə biznes forumlar, işgüzar görüşlər və digər tədbirlər keçirilir.

Enerji sahəsi Azərbaycan-Gürcüstan əməkdaşlığının əsas istiqamətlərindəndir və Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi kimi iri layihələr bu əməkdaşlığın çox uğurlu nümunələridir.

Nəqliyyat-tranzit sahəsində əməkdaşlığa gəlincə, nazir Şahin Mustafayev Bakı-Tbilisi-Qars dəmir yolunun xüsusi əhəmiyyətini vurğulayıb, Azərbaycanın təşkilatçılığı, Türkiyə, Gürcüstan və Qazaxıstanın iştirakı ilə "Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi"nə dair bu ilin əvvəlində Çində təqdimatların keçirildiyini xatırladıb, belə bir təqdimatın Bakıda keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib. İqtisadiyyat naziri Azərbaycan üzərindən keçməklə yükdaşımaların artırılmasına, nəqliyyat-tranzit, turizm, kiçik və orta sahibkarlıq və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikirlərini bildirib.

Gürcüstanın maliyyə naziri İvane Maçavariani ölkələrimiz arasında qarşılıqlı dostluq münasibətlərini, iqtisadi sahədə əlaqələrin inkişafını, beynəlxalq əhəmiyyətli iri enerji və nəqliyyat layihələrində ölkələrimizin əməkdaşlığını vurğulayıb. Azərbaycan və Gürcüstanın iştirakı ilə "Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi"nə dair daha bir təqdimatın keçirilməsinin regionun nəqliyyat-tranzit potensialının təbliği baxımdan önəmli olacağını qeyd edən İvane Maçavariani ölkəsinin Azərbaycanla enerji, nəqliyyat-tranzit sahələri ilə yanaşı, sənaye, kənd təsərrüfatı, turizm və s. sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyib, SOCAR-ın Gürcüstandakı fəaliyyətini yüksək qiymətləndirib.

Görüşdə maliyyə, nəqliyyat-tranzit, gömrük, vergilər sahələrində əməkdaşlığın genişləndirilməsinə, Azərbaycan Respublikası və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın növbəti iclası çərçivəsində biznes forumun təşkilinə, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.