Gürcüstanın maliyyə naziri İvane Maçavarianinin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 16-da Bakıya səfərə gəlib.
YeniAvropa xəbər verir ki, səfər çərçivəsində İvane Maçavariani bu gün Fəxri xiyabanda ümummilli lideri Heydər Əliyevin məzarını, sonra Şəhidlər xiyabanını ziyarət edib. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.
Səfər çərçivəsində İvane Maçavarianinin Azərbaycan rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub. Görüşlərdə Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrinin perspektivləri müzakirə olunacaq.