logo

ƏƏSMN-də Dünya Bankının missiyası ilə görüş olub

14:27 16-11-2018 | icon 2604
ƏƏSMN-də Dünya Bankının missiyası ilə görüş olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Dünya Bankının Sosial Müdafiə və İş Yerlərinin Diaqnostikası (Job Diagnostics) üzrə missiyası ilə görüş olub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan sosial-iqtisadi siyasətdə əhalinin məşğulluq imkanlarının artırılmasının mühüm yer tutduğunu vurğulayıb. Bu sahədə əldə olunan uğurları qeyd edən nazir müavini qonaqlara dövlət başçısının Sərəncamı ilə təsdiq edilən “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” barədə məlumat verib. O, yeni strategiyanın ölkəmizdə insan kapitalının inkişafında, məşğulluğun və layiqli əməyin təminatında növbəti mühüm addımların atılmasına imkan yaradacağını diqqətə çatdırıb.

M.Kərimli nazirliklə Dünya Bankının birgə layihələrindən, əmək, məşğulluq və sosial müdafiə sahələrinin təkmilləşdirilməsində müsbət əməkdaşlıq təcrübəsinin olduğundan bəhs edib.

Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Hassan Naqvi və proqram rəhbəri Lire Ersado missiyanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə gördüyü işləri məmnunluqla qeyd edib. Missiyanın budəfəki səfərinin məqsədinin də əmək bazarında tələb və təkliflə bağlı məlumatların toplanması, ölkədə özəl sektorun əmək tələbatını müəyyən edən faktorlar üzrə məlumatların əldə olunması üçün məsləhətləşmələrin həyata keçirilməsi olduğu bildirilib.

Görüşdə Azərbaycanda İş Yerlərinin Diaqnostik Tədqiqatı və məşğulluq sahəsində əldə olunan nəticələri ilə bağlı Sənədin hazırlanmasının yekunlaşdırılması, ölkəmizin yeni Məşğulluq Strategiyası üzrə tədbirlər planının hazırlanmasına texniki dəstəyin təmin edilməsi və digər sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub.