logo

Bakıda I Beynəlxalq Daşınmaz Əmlak  sərgisi keçiriləcək

17:57 15-11-2018 | icon 2842
Bakıda I Beynəlxalq Daşınmaz Əmlak  sərgisi keçiriləcək

2019-cu il fevralın 20-dən 22-dək Bakı Ekspo Mərkəzində I Xəzər Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya “Caspian Realty” sərgisi keçiriləcək.

“Caspian Event Organisers” (CEO) şirkətindən YeniAvropa-ya bildirilib ki, sərginin məqsədi Azərbaycanın daşınmaz əmlak bazarının inkişafına yeni təkan vermək, sektora yerli və xarici investisiyalar cəlb etmək, yeni beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulmasına və təcrübə mübadiləsinin aparılmasına zəmin yaratmaq, ölkəmizdə və xüsusən də paytaxtda həyata keçirilən çoxsaylı maraqlı layihələri eyni məkanda nümayiş etdirmək, unikal işgüzar mühit yaratmaqdır.

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) sərgiyə rəsmi dəstək göstərirlər. Sərginin təşkilatçısı isə “Caspian Event Organisers” (CEO) şirkətidir.

Sərgidə daşınmaz əmlakın tikintisi və satışı ilə məşğul olan, eləcə də maliyyə, hüquq, məsləhət və dizayner xidmətləri göstərən yerli və xarici şirkətlər, o cümlədən müxtəlif daşınmaz əmlak sektorlarını təmsil edən yüksəkixtisaslı mütəxəssislər, investorlar və dövlət strukturlarının nümayəndələri iştirak edəcəklər.

“Caspian Realty 2019” sərgisində kommersiya təyinatlı, eləcə də mənzil, ticarət və şəhərətrafı daşınmaz əmlak obyektləri ilə yanaşı, müxtəlif investisiya layihələri və dizayner xidmətləri də təqdim olunacaq.

Sərgi iştirakçı şirkətlərə üç gün ərzində geniş alıcı kütləsi və potensial müştərilərlə görüşmək və öz təkliflərini, maraqlı layihələrini təqdim etmək, əlaqələr qurmaq və birbaşa satış etmək imkanları yaradacaq. Bununla yanaşı, sərgi həm Azərbaycanda, həm də xaricdə reallaşdırılan inşaat layihələri ilə bağlı məlumatlardan faydalanmaq üçün unikal imkandır.

Sərgi çərçivəsində zəngin tədbirlər proqramı, effektiv sessiyalar və konfransların təşkili nəzərdə tutulub, həmçinin təşkilatçılar, iştirakçılar və onların hədəf auditoriyası arasında “B2B” formatlı (ikitərəfli) görüşlərin təşkil edilməsi planlaşdırılır.

Bu il ilk dəfə keçirilən sərgiyə investisiya şirkətləri, layihə və memarlıq büroları, daşınmaz əmlak agentlikləri, inşaat şirkətləri, dövlət strukturları, maliyyə təşkilatları və bankların, eləcə də IT şirkətlərinin nümayəndələri, habelə, brokerlər və fərdi sahibkarlar dəvət olunacaq.

Beləliklə, sərgidə həm peşəkarlar, həm də müstəqil investorlar üçün bir çox maraqlı imkanlar yaradılacaq, çünki, burada iştirakçı şirkətlər potensial alıcılara maksimum sayda və bir-birindən fərqli, eyni zamanda, sərfəli və etibarlı təkliflər təqdim edəcək.