Qış rejiminə keçidlə əlaqədar noyabrın 15-dən etibarən SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) əhali sektoru üzrə sutkalıq təbii qaz sərfiyyatını 1 milyon 664 min kubmetr artırıb.
YeniAvropa xəbər verir ki, bu barədə “Azəriqaz” İB-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev məlumat verib.
“Hazırda respublikada əhali sektoru üzrə gündəlik təbii qaz sərfiyyatı 22 milyon 632 min kubmetrdir ki, bunun da 13 milyon 19 min kubmetri Bakı, 9 milyon 613 min kubmetri isə regionların payına düşür”, - deyə İ.Kərbalayev bildirib.
“Azəriqaz” rəsmisi əlavə edib ki, hazırda qurum ölkə üzrə 2 milyon 164 min 319 abonenti fasiləsiz təbii qazla təmin edir: “Qarşıdakı günlərdə əhalinin təbii qaza olan tələbatı artdıqca “mavi yanacaq”ın verilişində də artım olacaq”.