logo

Bakıda III Beynəlxalq Bankçılıq Forumu keçirilir

10:58 15-11-2018 | icon 3038
Bakıda III Beynəlxalq Bankçılıq Forumu keçirilir

Noyabrın 15-də Bakıda "Bulvard  hotel"də  "Nağdsız iqtisadiyyat: ənənəvi bankçılıqdan rəqəmsal bankçılığa keçid" adlı III Beynəlxalq Bankçılıq Forumu öz işinə başlayıb.

YeniAvropa xəbər verir  ki, Azərbaycan Respublikası Mərkəzi Bankı, Maliyyə Bazarlarına Nəzarət Palatası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən forumun məqsədi iqtisadiyyatın nağdsızlaşdırılması ilə bağlı təşəbbüslərin və qarşıdakı çağırışların, rəqəmsallaşma, maliyyə texnologiyalarına dair mövcud vəziyyət, yeni və gələcək trendlərin, müasir bank məhsullarının, komplayens sahəsindəki yeniliklər və risklərin, həmçinin qeyd olunanların mövcud hüquqi çərçivəyə uyğunluğu və adaptasiyası imkanlarının, bu proseslərin bankların maliyyə dayanıqlığının daha da gücləndirilməsinə təsiri məsələlərinin, eləcə də digər əlaqədar mövzuların müzakirə edildiyi platforma olmaqdır.

Mərkəzi Bankın sədrinin müavini Alim Quliyev qeyd edib ki, nağdsız ödənişlərin həcmi hər il 17 faiz artacaq və nağdsız ödənişlərin çəkisi 70 faizdən 40 faizə azalacaq. Rəqəmsal iqtisadiyyatın formalaşması makroiqtisadi və monetar sabitliyin inkişafına öz təsirini göstərəcək.

Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev diqqətə çatdırıb ki, bu ilin 9 ayında bank aktivləri 4,6 faiz, kredit portfeli 5 faiz artıb. Sektorun kapitallaşmasında əhəmiyyətli dərəcədə artım müşahidə olunub. "Hazırda bank sisteminin inkişafı üçün yeni drayverlərə ehtiyac var. Hesab edirik ki, rəqəmsallaşma bu drayverlərdən biri ola bilər", - deyə Z.Nuriyev vurğulayıb.

Forumda xarici və yerli spikerlər tərəfindən rəqəmsal bankçılığa və nağdsız iqtisadiyyata transformasiya məsələləri ilə bağlı mövzular ətrafında təqdimatlar ediləcək, geniş fikir və təcrübə mübadiləsi aparılacaq.

Beynəlxalq Bankçılıq Forumunda ABŞ, Yaponiya, Avropa, Çin və MDB ölkələrindən 100-ə yaxın beynəlxalq təşkilat və nüfuzlu şirkətlərin nümayəndələri iştirak edir.

Tədbir panel iclaslarla işini davam etdirəcək.