logo

“Azəriqaz” bu il 100-dək yaşayış məntəqəsini qazlaşdırılıb

14:12 14-11-2018 | icon 2800
“Azəriqaz” bu il 100-dək yaşayış məntəqəsini qazlaşdırılıb

Cari ildə “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən 99 yaşayış məntəqəsinə təbii qaz verilib.

YeniAvropa xəbər verir  ki, bu barədə “Azəriqaz” İB-dən bildirilib. Qeyd edilib ki,  “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədilə “Azəriqaz” tərəfindən təxirə salınmaz işlər həyata keçirilir. Belə ki, əhali istehlakçılarının mənzillərində istismar edilən istismar müddəti başa çatmış sayğaclar yenisi ilə əvəz olunur, yeni qaz kəmərləri çəkilir və istismara yararsız vəziyyətdə olan qaz tənzimləyiciləri yeniləri ilə əvəz edilir. İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün İB tərəfindən bu ilin yanvar-oktyabr ayları ərzində 2848 kilometr yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 208,8 kilometr qaz kəməri əsaslı təmir olunub.

Bu il ərzində aparılan tikinti-quraşdırma işləri nəticəsində Ağstafa, Ağcabədi, Ağsu, İsmayıllı, Bərdə, Tərtər, Zərdab, Kürdəmir, Qax, Quba, Şabran, Siyəzən, Şəmkir, Şamaxı, Şəki, Göyçay, Göygöl, Ucar, Xaçmaz, Beyləqan, Yevlax, Lerik, Lənkəran, Sabirabad, Saatlı, Salyan, Neftçala, Cəlilabad və Masallı rayonları üzrə 99 yaşayış məntəqəsi təbii qazla təmin edilib.