logo

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

17:06 13-11-2018 | icon 2849
Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

Noyabrın 13-də Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə  Azərbaycan-Slovakiya biznes forumu keçirilib.

YeniAvropa xəbər verir  ki, tədbirdə Azərbaycan və Slovakiya rəsmiləri ilə yanaşı, sənaye, energetika, İKT, maşınqayırma, kimya, qida, dəmir yolları, səhiyyə və s. sahələrdə fəaliyyət göstərən 200-ə yaxın şirkətin nümayəndələri iştirak ediblər.

İqtisadiyyat naziri Şahin Mustafayev biznes forumun birbaşa danışıqlar aparmaq və işgüzar dairələr arasında əməkdaşlığın perspektivli sahələrini müəyyənləşdirmək üçün əlverişli platforma olduğunu, tədbirin iş adamlarına konkret layihələrlə bağlı müzakirələr aparmaq üçün imkan verəcəyini vurğulayıb. Qeyd olunub ki, Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələri, o cümlədən Slovakiya ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Bu gün Azərbaycan və Avropa İttifaqı arasında geniş əməkdaşlıq mövcuddur. Çoxsaylı işgüzar forumlar, tədbirlər, imzalanmış sənədlər, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu və davam edən birgə layihələr uğurlu iqtisadi əməkdaşlığın nümunələridir.

Avropa İttifaqının Azərbaycanın əsas xarici ticarət tərəfdaşı olduğunu deyən nazir bildirib ki, 2017-ci ildə Aİ-nin Azərbaycanın ticarət dövriyyəsində payı 42 faiz (9,4 milyard dollar) təşkil edib və 2018-ci ilin 9 ayında 26 faiz artaraq 9 milyard dollardan çox olub.

Nazir Şahin Mustafayev diqqətə çatdırıb ki, Azərbaycan və Slovakiya arasında ticarət dövriyyəsi bu ilin 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz artıb. Hazırda Azərbaycanda xidmət, ticarət, tikinti, nəqliyyat və s. sahələrdə Slovakiya sərmayəli 11 şirkət fəaliyyət göstərir. Bununla belə, ölkələrimiz arasında qarşılıqlı ticarət, iqtisadi və investisiya əməkdaşlığını daha da inkişaf etdirmək imkanları var. İqtisadiyyat naziri Azərbaycan və Slovakiya arasında sənaye, energetika, kənd təsərrüfatı, turizm, İKT və nəqliyyat sahələrində əməkdaşlıq üçün potensialı qeyd edib, hər iki ölkənin işgüzar dairələrini əlverişli biznes mühitdən istifadə etməyə, Azərbaycan və Slovakiya arasında ticari-iqtisadi əlaqələrin inkişafına töhfə verəcək qarşılıqlı faydalı birgə layihələr həyata keçirməyə dəvət edib.

Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı, həyata keçirilən islahatlar və beynəlxalq maliyyə institutlarının hesabatlarında ölkəmizin mövqeyinin yaxşılaşması barədə də məlumat verib. Qeyd olunub ki, Azərbaycan Cənubi Qafqazın siyasi və iqtisadi mərkəzidir. Cənubi Qafqazda ÜDM istehsalının 60 faizdən çoxu Azərbaycanın payına düşür. Azərbaycanı xarici investisiyalar üçün cəlbedici edən xüsusiyyətlər ölkənin tranzit potensialı, reallaşdırılan regional layihələr, əlverişli biznes mühiti və sairdir. Azərbaycanın uğurları beynəlxalq maliyyə institutları tərəfindən də yüksək qiymətləndirilir. Belə ki, Dünya Bankının "Doing Business 2019" hesabatında Azərbaycan öz mövqeyini 32 pillə yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, 10 islahatçı ölkədən biri olub.

Slovakiya Respublikasının baş naziri Peter Pelleqrini Azərbaycana səfərindən məmnunluğunu bildirib, biznes forumda çoxlu sayda iş adamının iştirak etməsinin əlaqələrin inkişafına verilən önəmin göstəricisi olduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycan qısa müddət ərzində böyük inkişaf yolu keçib, regionun önəmli ölkələrindəndir. Peter Pelleqrini Slovakiya iş adamlarının energetika, bərpa olunan enerji, maşınqayırma, kimya, İKT və s. sahələrdə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib, biznes forumun əməkdaşlığın genişləndirilməsinə, yeni əlaqələrin qurulmasına töhfə verəcəyini deyib. Vurğulanıb ki, yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması, eləcə də ölkələrimiz arasında birgə Hökumətlərarası Komissiyanın yaradılması nəzərdə tutulur.

Sonra AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev, Slovakiyanın İnvestisiya və Ticarətin Təşviqi Agentliyinin (SARİO) rəhbəri Tibor Buçek və SARİO-nun nümayəndəsi Tomaş Şandor müvafiq olaraq Azərbaycanın və Slovakiyanın biznes və investisiya mühiti barədə təqdimatlarla çıxış ediblər.

Biznes forumda Slovakiya iş adamları fəaliyyətləri barədə məlumat verib, iş adamları arasında ikitərəfli görüşlər keçirilib.