Dünya Səhiyyə Təşkilatının hesablamalarına əsasən hazırda dünyada 1 milyard 3 milyon insan müxtəlif göz problemlərindən əziyyət çəkir. Onlardan 36 milyonu tamamilə kordur. Bununla belə vaxtında edilən müalicə 80 faiz hallarda görməni tamamilə itirmənin qarşısını ala bilər.
YeniAvropa xəbər verir ki, rəsmi statistikaya görə Azərbaycanda 40 minə yaxın gözdən əlil var. Onların ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakını təmin etmək üçün mütəmadi tədbirlər görülür. 2015-ci ildə Nərimanov rayonunda 132 mənzilli bina tikilib gözdən əlillərin istifadəsinə verilib. Həmin ilin axırlarında Zabrat qəsəbəsində yetkinlik yaşına çatmayan gözdən əlillər üçün xüsusi reabilitasiya mərkəzi tikilib. Mərkəzdə Brayl şrifti ilə nəşrlər, Brayl əlifbasının öyrədilməsi, kompüter biliklərinin aşılanması və digər istiqamətlərdə geniş reabilitasiya tədbirləri həyata keçirilir. Gözdən əlillərin əmək pensiyasının sığorta hissəsinə əlavə olaraq 110 manat hesablanır.
Gözdən əlil və görmə qabiliyyəti zəif olanların informasiya-kommunikasiya texnologiyalarından istifadə etməsi üçün bölgələrdə regional informasiya mərkəzləri yaradılıb. Əlillərin işlə təmin olunması üçün bir sıra təlim-tədris kursları təşkil olunur. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün Brayl əlifbalı iri şriftlər və səsli formatlı dərsliklər, dərs vəsaitləri nəşr edilir.