logo

“Caspian Ecology 2018” sərgisində 8 ölkədən 43 şirkət iştirak edəcək

18:31 13-11-2018 | icon 2464
“Caspian Ecology 2018” sərgisində 8 ölkədən 43 şirkət iştirak edəcək

Noyabrın 14-dən 16-dək “Bakı Ekspo Mərkəzi”ndə IX Azərbaycan Beynəlxalq Ətraf Mühit “Caspian Ecology 2018” sərgisində dünyanın 8 ölkəsindən 43 şirkət iştirak edəcək.

YeniAvropa xəbər verir  ki, bu haqda  sərgi təşkilatçıları bu gün keçirdikləri mətbuat konfransında bildiriblər. Qeyd edilib ki,  “Caspian Ecology” sərgisi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), eləcə də IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində isə “Caspian Event Organisers” (CEO) şirkəti çıxış edir.

Mətbuat konfransında  çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev  sərginin əhəmiyyətini vurğulayaraq bildirib ki, sərginin əsas məqsədlərindən biri ətraf mühit problemlərinə insanların diqqətini cəlb etməkdir. O, prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2010-cu il ölkəmizdə “Ekologiya ili” elan edilməsini iştirakçılara xatırladıb. Bununla əlaqədar müxtəlif tədbirlər keçirilib, spesifik sahələr üzrə elektron resurslar yaradılıb, əhali arasında maarifləndirmə işləri aparılıb.

“Caspian Event Organisers” şirkətinin nümayəndəsi Edvard Stroon qeyd edib ki, bu sərgi Xəzəryanı və Qafqaz regionunda ekologiya və ətraf mühitin qorunması sahəsində ən iri tədbirdir. Sərgidə ətraf mühitin mühafizəsi və təbiətdən səmərələri istifadə sahəsində innovasiya araşdırmaları kompleks şəkildə təmsil olunub.

Sərginin meneceri Jalə Məmmədova bu beynəlxalq sərginin iştirakçıları barədə ətraflı məlumat verib. Qeyd edilib ki, cari ildə sərgidə dünyanın 8 ölkəsindən 43 şirkət iştirak edəcək. Onların arasında Azərbaycanla yanaşı, Türkiyə, Almaniya, Böyük Britaniya, Ukrayna və digər ölkələrin şirkətləri də öz stendlərini nümayiş etdirəcəklər. Sərgidə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, həmçinin “Azərsu” ASC, BP şirkəti, “Damla” İctimai Birliyi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ), “SOCAR Polymer” MMC, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti kimi dövlət qurumları və şirkətlər iştirak edəcəklər. İlk dəfə olaraq sərgidə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun stendi də təqdim olunacaq.

Ümumilikdə, “Caspian Ecology 2018” sərgisində təbii resurslardan səmərəli istifadə sahəsində ən son məhsullar, sülb (bərk) tullantıların toplanması və utilizasiyası sistemləri, eləcə də alternativ energetika üzrə müasir avadanlıq nümunələri və digər məhsullar nümayiş etdiriləcək.

Şirkətlər tullantıların utilizasiyası və təkrar emalı üçün avadanlıqlar, sutəmizləmə sistemləri, neft və qaz kəşfiyyatı və emalı xidmətləri, kağız, karton istehsalı ilə yanaşı bir sıra digər məhsulları da təqdim edəcəklər.

Beləliklə, Beynəlxalq “Caspian Ecology” sərgisi işgüzar əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi, habelə sənayedəki yeni avadanlıq və təmayüllərlə tanışlığa imkan yaratmaqla yanaşı, ətraf mühitin yaxşılaşdırılması istiqamətində görülən işlərə də əlavə təkan verəcək.