logo

Qəbələnin qədim Nic qəsəbəsində Milad bayramı qeyd edilib

15:26 07-01-2018 | icon 2149
Qəbələnin qədim Nic qəsəbəsində Milad bayramı qeyd edilib

Bu gün bütün dünyada pravoslav xristianları tərəfindən İsa peyğəmbərin mövludu günü, yəni Milad bayramı qeyd olunur. Qəbələ rayonunun Nic qəsəbəsinin sakinləri olan udilər də bu günü özünəməxsus şəkildə qeyd ediblər. YeniAvropa  xəbər verir ki, bütün xristian aləmində olduğu kimi qəsəbədə yaşayan udilər də yanvarın 7-də “Cotari” alban kilsəsində təşkil olunan bayram mərasiminə toplaşıblar. Tədbirdə Alban-Udi dini icmasının rəhbəri, kilsənin keşişi və icmanın üzvləri çıxış edərək Milad bayramının mahiyyətindən, dini ayinlərin icrası üçün yaradılan şəraitdən, dövlətin onlara olan diqqət və qayğısından danışıblar. Həmçinin, bayram münasibətilə təbriklər səsləndirilib.

Udilər rayonda onlara qarşı heç bir ayrı-seçkiliyin olmadığını, Nicdəki “Cotari” alban kilsəsinin əsaslı şəkildə bərpasını tolerantlığa gözəl nümunə olduğunu qeyd ediblər. Məlumat verilib ki, Nic qəsəbəsində üç kilsə və iki məscid var. Altı min nəfər əhalisi olan Nic qəsəbəsində 3700 udi yaşayır. Ümumilikdə isə ölkəmizdə 4000 nəfər udi yaşayır ki, onların 300-ü Oğuz və Bakıda qeydiyyatdadır. Dünyada yaşayan udilərin sayı isə 10 minə yaxındır. Qəsəbədə udilər öz dilini, dinini, adət-ənənələrini 2500 ildir ki, qoruyub saxlayırlar. Nicdəki məktəblərin ibtidai siniflərində udi dili tədris olunur, kilsədə dini ayinlər onların ana dilində icra edilir.

Qeyd edilib ki, keçmiş sovetlər dövründə udilərə öz milli bayramlarını qeyd etmək qadağan olunub. Ancaq ölkəmiz müstəqillik əldə etdikdən sonra onlar etnik xalq olaraq öz bayramlarını hər il qeyd edirlər. Bir sözlə, müsəlman və xristianların mehriban şəkildə birgə yaşadığı Nic qəsəbəsi tolerantlığın kiçik bir modeli hesab edilir.

Çıxışlardan sonra kilsədə şamlar yandırılıb, dualar oxunub, bayram süfrəsi açılıb.