logo

Azərbaycan İstanbul Beynəlxalq Kitab Sərgisində təmsil olunur

20:25 10-11-2018 | icon 2534
Azərbaycan İstanbul Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Noyabrın 10-da 37-ci İstanbul Beynəlxalq Kitab Sərgisinin açılışı olub. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və İstanbuldakı baş konsulluğumuzun dəstəyi ilə sərgidə ölkəmiz geniş sahədə qurulmuş xüsusi stendlə təmsil olunur.

YeniAvropa xəbər verir  ki,  "Həyatı ədəbiyyatla əhatə edək" mövzusunda keçirilən builki sərgiyə xarici və yerli iştirakçılardan ibarət 800-dən çox təşkilat qatılıb. Kitab sərgisinin "Fəxri yazarı" Selim İleridir. Azərbaycan bölməsində Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və yerli nəşriyyatlar tərəfindən çap olunmuş, Azərbaycanın tarixini, mədəniyyətini, ədəbiyyatını, musiqisini, memarlığını, multikultural dəyərlərini, dövlətçilik və tolerantlıq ənənələrini əks etdirən 350 adda çap məhsulu sərgilənir.

Eyni zamanda, stenddə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş kitablardan ibarət xüsusi guşə yaradılıb. Guşədə Cümhuriyyətimizin tarixini özündə ehtiva edən nadir nəşrlər nümayiş olunur. Bundan başqa, Mədəniyyət Nazirliyinin "Azərbaycan kitabının dünyada tanıdılması" layihəsi çərçivəsində Türkiyədə fəaliyyət göstərən “Zəngin Yayınçılıq” nəşriyyatı tərəfindən türk dilində çap edilən 36 adda kitab da ziyarətçilərə təqdim edilir.

Stenddə quraşdırılmış monitorda Azərbaycanın gözəl guşələrini, nadir tarixi və memarlıq abidələrini, müasir görkəmini əks etdirən videoçarxlar nümayiş olunur.

Sərgi çərçivəsində bölməmizdə Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Kitabxanası və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən bir sıra birgə tədbirlər planlaşdırılıb.

Sərgi noyabrın 13-dək davam edəcək. Azərbaycan bölməsində nümayiş olunan kitabların əsas hissəsi sərginin sonunda ziyarətçilərə paylanılacaq.