logo

Bakı metropoliteni işçiləri peşə bayramını qeyd edir

14:31 08-11-2018 | icon 3409
Bakı metropoliteni işçiləri peşə bayramını qeyd edir

Bu gün Bakı metropoliteni işçiləri peşə bayramını qeyd edir.

YeniAvropa xəbər verir  ki, Azərbaycan prezidenti İlham ƏIiyevin 2006-cı il 28 oktyabr tarixli sərəncamı ilə hər il noyabr ayının 8-i Bakı metropoliteni işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Yaranmasının 51-ci ildönümünü qeyd edən Bakı metrosu 1967-ci il noyabrın 6-da 5 stansiya – indiki “İçərişəhər”, “Sahil”, “28 May”, “Gənclik” və “Nəriman Nərimanov” stansiyalarından ibarət 9,2 kilometrlik yeraltı xəttin istifadəyə verilməsi ilə fəaliyyətə başlayıb. Üçü dərinözüllü olan bu stansiyalar arasında müntəzəm hərəkət təmin olunduqdan üç ay sonra, 1968-ci il fevralın 22-də “28 May-Xətai” xətti üzrə ilk qatar hərəkətə başlayıb. Bununla da, “28 May” stansiyası “Nəriman Nərimanov” və “Xətai” stansiyalarına, eləcə də əks istiqamətdə hərəkət edən sərnişinlər üçün keçid stansiyasına çevrilib.

Hazırda üç xətti və 25 stansiyası olan Bakı metrosu gələcəkdə beş xətdən ibarət olacaq. Bakı metropolitenində, konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına görə, 2030-cu ildə paytaxtımızın yeraltı yollarının ümumi uzunluğu 119,1 kilometr, stansiyalarının sayı isə 76-ya çatacaq.

50-ci ilin yubiley təntənələrindən sonrakı ilk hesabat ilini “Bakı Metropoliteni” QSC hadisələr, yeniliklərlə zəngin bir dövr kimi geridə qoyur. Ötən hesabat dövrünün hadisələrinə diqqət yetirsək, ilk növbədə, iki yeni qatarın xəttə buraxılması qeyd oluna bilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə istismara verilən bu qatarlar, hətta, 2015-ci ildə gətirilmiş eyni nəsildən olan analoqlarından üstünlüyü ilə seçilir. Təkmilləşdirilib yeni texnoloji imkanlarla zənginləşdirilmiş bu qatarların salonu təzyiqin tənzimlənməsi və ultrabənövşəyi lampalarla havanı bioloji təmizləmə sistemləri ilə təmin olunub və bununla həmin vaqonların işıqlanmasına sərf olunan enerji 50 faiz azaldılıb. Salonda USB portlardan ibarət bloklar sərnişinlərin mobil cihazlarının enerji yükləməsinə də şərait yaradıb.

Metropolitendə son dövrün ən böyük yenilikləri sırasında metropoliten tarixində ən irimiqyaslı layihələrdən biri depo ərazisində istismara verilən vaqonların əsaslı təmiri sexidir. Pilot layihə kimi həmin sexdə inşa edilmiş ilk qatar da artıq sərnişinlərə xidmət edir. Yaxın gələcəkdə ikinci qatar da xəttə veriləcək. Əvvəllər vaqonlar əsaslı təmir üçün ölkə xaricinə çıxarılırdı. Yeni sexin qurulması təmir xərclərinə, gömrük rüsumuna, vaqonların nəqlinə sərf olunan vəsaitə qənaət etmək imkanı verir.

Bakı metropoliteninin stansiyaları dövrün tələblərinə uyğun yeniləşir. Yenidən qurulan stansiyaların sırasına bu il “Sahil” stansiyası da qoşulub. 50 illik istismar müddətini başa vurmuş eskalatorların dəyişdirilməsi və bütün infrastrukturu ən yeni standartların tələbinə uyğun yeniləşmiş “Sahil” stansiyası dövlət başçısının iştirakı ilə iyunun 7-də açılaraq, sərnişinlərini büsbütün təzələnmiş görkəmi ilə qarşılayıb. Burada 3 eskalatorun əvəzinə Almaniya istehsalı olan 4 yeni eskalator quraşdırılıb. Yaxın gələcəkdə “Bakmil”, gələn ilin yayında isə “Xətai” stansiyaları metropolitenin yeniləşən simasına xüsusi töhfə olacaq. Bir giriş-çıxışlı “Xətai” stansiyasında da 3 eskalatorun 4 yenisi ilə əvəzlənməsi sərnişin təhlükəsizliyi və rahatlığı tələblərinə baxışı dəyişəcək.

2018-ci ildə metropolitenin stansiya və tunellərinin havalandırılması ilə bağlı əhəmiyyətli addımların atılmasına başlanılıb. Bu xüsusda yaz aylarından başlamaqla havalandırma sisteminin iş qrafiki tamamilə dəyişdirilib. Əvvəllər güclü ventilyatorlar iki qrafik üzrə – yay və qış rejimində çalışdırılırdısa, artıq hər fəslin öz tələbinə uyğun havalandırmaya keçilib.

“Bakı Metropoliteni” QSC yaradıldıqdan sonra metropoliten əsl sosial layihələr meydanına çevrilib. Bu layihələr ictimaiyyət arasında xüsusi rəğbətlə qarşılanır və ildən-ilə sərhədlər genişlənir və maraq doğurur. Ənənəvi yeni il, Novruz bayramı və digər əlamətdar tarixi hadisələrlə bağlı layihələr, musiqili günlər artıq yeniləşən metropolitenin ayrılmaz tərkib hissəsinə çevrilib. Uşaqların builki beynəlxalq müdafiəsi günü 3 gün ərzində metropolitendə stansiyaların qatarlarda elanlarının uşaqların dili ilə verilməsi də xüsusi rezonans doğuran layihələrdəndir. “Metroqallery” çərçivəsində bu il Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyinə həsr olunmuş fotosərgi “Gənclik” stansiyasının keçidlərini əsl dənizçilik tarixi muzeyinə çevirib. Macar xalqının azadlıq mübarizəsinin 170-ci ildönümü münasibətilə bu ölkənin səfirliyinin təşəbbüsünə cavab olaraq yeni xəttin “Memar Əcəmi” stansiyası məşhur macar şairi Şandor Petöfinin əsərlərini təbliğ edib.

Cəmiyyət üçün əhəmiyyətli hadisələr sırasında görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu, SSRİ xalq artisti Qara Qarayevin anadan olmasının 100 illiyi onun adını daşıyan stansiyada təntənə ilə qeyd olunmasını da xüsusi vurğulamaq lazımdır.

Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü də metropolitendə xüsusi aksiya ilə qeyd olundu. Qatarda təşkil edilmiş fləşmobda “Azərbaycan” şeiri cəmiyyətdə müsbət qarşılanan layihələrdən biridir.