Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2001-ci ilin əvvəlindən bu il noyabr ayının 1-dək Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində ümumilikdə 136 milyard 782 milyon ABŞ dolları gəlir əldə edib.
YeniAvropa xəbər verir ki, bu barədə ARDNF-in ictimaiyyətlə əlaqələr departamentindən bildirilib. Qeyd edilib ki, bu ilin yanvar-oktyabr aylarında isə AÇG layihəsi çərçivəsində Dövlət Neft Fonduna 8 milyard 296 milyon dollar vəsait daxil olub.
O cümlədən cari ilin on ayında Neft Fondunun “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri 181 milyon dollar təşkil edib.
Xatırladaq ki, bu il yanvarın 29-da Neft Fonduna “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” SOCAR ilə xarici hasilat şirkətləri arasında imzalanmış yeni sazişə uyğun olaraq 450 milyon ABŞ dolları həcmində ilk bonus ödənişi həyata keçirilib.