logo

Azərbaycan nümayəndə heyəti Çində səfərdədir

11:02 07-11-2018 | icon 2940
Azərbaycan nümayəndə heyəti Çində səfərdədir

İqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və sahibkarlardan ibarət nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir.

YeniAvropa xəbər verir  ki, səfərin ilk günü İqtisadiyyat naziri Şahin Mustafayev Şanxayda keçirilən Birinci Çin Beynəlxalq İdxal Sərgisinin açılış mərasimində iştirak edib.

Sərginin açılış mərasimində Çin Xalq Respublikasının sədri Si Cinpin çıxış edib.

Qeyd edək ki, Milli Sərgi və Konqres Mərkəzində təşkil olunan sərgidə 170 ölkədən 3 mindən çox şirkət təmsil olunur. Bu, Çində idxal məhsullarının ilk sərgisidir. 100-dən çox yeni məhsul və texnologiyalar ilk dəfə olaraq məhz bu sərgidə nümayiş olunur.

Sərgidə qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 30-dan çox Azərbaycan şirkətinin 180 çeşiddən artıq məhsulları qida və kənd təsərrüfatı məhsulları, həmçinin xidmətlər pavilionlarında təqdim edilir. İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycanın üzüm və meyvə şərabları və digər spirtli içkilər, çay, meyvə şirələri, mürəbbələr və digər konserv məhsulları, qənnadı məmulatları, fındıq, quru meyvələr və s. qida məhsulları “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunur. Azərbaycan pavilyonlarında sərgi ziyarətçilərinə məhsullarımız və xidmətlər barədə məlumat verilir, müxtəlif maarifləndirici materiallar təqdim edilir. Həmçinin, sərginin müxtəlif yerlərində “Made in Azerbaijan” reklam lövhələri quraşdırılıb. Noyabrın 10-dək davam edəcək sərgi çərçivəsində Çinin kənd təsərrüfatı və yeyinti sənayesi məhsullarının satışı ilə məşğul olan distributorları ilə Azərbaycan şirkətlərinin görüşləri təşkil olunacaq.

İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Birinci Çin Beynəlxalq İdxal Sərgisi ilə tanış olub.

Birinci Çin Beynəlxalq İdxal Sərgisi çərçivəsində bir sıra forumlar da keçirilir. Azərbaycan nümayəndə heyəti noyabrın 6-da Çin Xalq Respublikasının Bazar Tənzimlənməsi Administrasiyasının, Xarici ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının və Şanxay Bələdiyyəsinin birgə təşkil etdiyi “Kəmər və Yol: ekoloji kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi” Forumunda iştirak edib.

Forumda çıxış edən Şahin Mustafayev Azərbaycan-Çin münasibətlərinin qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslandığını vurğulayıb. Qeyd olunub ki, Azərbaycan və Çin dövlət başçılarının siyasi iradəsi və aparılan intensiv dialoq ölkələrimiz arasında iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin inkişafı üçün əlverişli zəmin yaradır. Azərbaycan Çinin “Kəmər və Yol” strategiyasını dəstəkləyən ilk ölkələrdən olmaqla yanaşı, bu təşəbbüsün reallaşdırılmasında yaxından iştirak edir. Çinin “Kəmər və Yol” təşəbbüsü çərçivəsində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin potensialından istifadə olunması iqtisadi sahədə, xüsusilə investisiya, ticarət, tranzit sahəsində əməkdaşlıq üçün geniş imkanlar açır. Nəqliyyat-tranzit sahəsi ilə yanaşı, Azərbaycan Çinlə kənd təsərrüfatı və qida təhlükəsizliyi sahəsində də əməkdaşlıqda maraqlıdır. Çin şirkətləri artıq pambıqçılığın və ipəkçiliyin maddi-texniki bazasının inkişafında Azərbaycanla uğurlu əməkdaşlıq edir.

Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi ilə bağlı Azərbaycanda həyata keçirilən tədbirlər barədə məlumat verən nazir Şahin Mustafayev Azərbaycanda kənd təsərrüfatının inkişafına böyük önəm verildiyini vurğulayıb. Qeyd edilib ki, Azərbaycanda kənd təsərrüfatı istehsalçıları vergidən azaddır, onların güzəştli maliyyə resurslarına çıxışı üçün geniş imkanlar yaradılıb, texnika və lazımi infrastrukturla təmin edilib, suvarma sisteminin modernləşdirilməsi, investisiya və ixracın təşviqi proqramları ilə dəstək göstərilir, kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyalar verilir. Həyata keçirilən tədbirlər nəticəsində son 15 ildə ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı 1,7 dəfə, bu ilin 9 ayı ərzində isə 4,3 faiz artıb. Azərbaycanın qeyri-neft ixracında kənd təsərrüfatı məhsullarının payı 47 faizdən çoxdur. İxracın stimullaşdırılması tədbirləri nəticəsində kənd təsərrüfatı məhsullarının ixracı bu ilin ötən dövründə 13 faiz artıb.

İqtisadiyyat naziri vurğulayıb ki, Azərbaycanda aparılan sistemli islahatlar nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Belə ki, Dünya Bankı tərəfindən yayılan “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın islahatçı 10 ölkəsi siyahısına daxil edilib və ən çox islahat aparan ölkə elan olunub. Yeni hesabatda Azərbaycan 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerə, MDB ölkələri arasında isə liderlik mövqeyinə yüksəlib. Ölkəmiz iki indikator üzrə 100 pillə irəliləyərək ciddi nailiyyət əldə edib, kiçik investorların maraqlarının qorunması indikatoru üzrə dünyada 2-ci yerə yüksəlməyə, biznesə başlama indikatoru üzrə isə ilk onluğa düşməyə nail olub.

Ərzaq təhlükəsizliyinə gəlincə, Şahin Mustafayev qeyd edib ki, son illər həyata keçirilən sosial-iqtisadi islahatlar çərçivəsində ərzaq təhlükəsizliyi sisteminin optimallaşdırılması sahəsində də ciddi işlər görülüb, ərzaq təhlükəsizliyi sahəsində qabaqcıl ölkələrin təcrübəsinin tətbiqinin daha da genişləndirilməsi üçün ikitərəfli və çoxtərəfli formatda işlər aparılır.

Azərbaycan nümayəndə heyətinin üzvləri – kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, AZPROMO-nun prezidenti vəzifələrini icra edən Yusif Abdullayev, Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Rüfət Rüstəmzadə forum çərçivəsində keçirilmiş “Ticarət və investisiya” adlı tədbirdə iştirak ediblər.