logo

Cahangir Hacıyevin arvadı Zamirə Hacıyeva Londonda həbs edilib

21:50 06-11-2018 | icon 2569
Cahangir Hacıyevin arvadı Zamirə Hacıyeva Londonda həbs edilib

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva İngiltərənin paytaxtı Londonda saxlanılıb.

YeniAvropa xəbər verir  ki, bu barədə “The Financial Times” qəzeti  məlumat verib. Qəzet yazır ki, barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi məsələsinə baxılarkən Zamirə Hacıyevanın vəkili, barrister Hyuqo Keyt hakim Emma Arbutnota onun üç uşaq anası olduğunu çatdırıb, bunu nəzərə alaraq qadının həbsini  girov əvəzində ev dustaqlığı ilə əvəz etməyi xahiş edib. Vəkilin vəsadətində göstərilirdi ki, Z.Hacıyevanın Azərbaycana ekstradisiyası barədə gələn ilin iyun ayında baş tutacaq məhkəməyə qədər o ev dustağı kimi Londonda qalmalıdır.

Vəkil bildirib ki, Zamirə Hacıyeva üçün bu həbs qərarı “dəhşətli şok” yaradıb. Hyuqo Kit etiraf edib ki, xanım Hacıyeva Londonda böyük pullar xərcləyib, amma Azərbaycan tərəfinin ittihamında onun bilavasitə bankdan pul oğurladığı göstərilmir. Pulları ailənin yeganə qazanc mənbəyi olan əri-Cahangir Hacıyev götürüb. Amma hakim Azərbaycan tərəfinin ekstradisiya sorğusundan sitat gətirərək xanım Hacıyevanın bankomatlardan Beynəlxalq Bankın kartları ilə 8 milyon funt sterlinq çıxarıb xərclədiyini bildirib.

Barrister bununla razılaşmayıb: “Onu böyük xərcləmələrdə və mənimsəmədə ittiham edirlər. Lakin bu heç də o demək deyil ki, Hacıyeva həmin gəlirlərin cinayət yolu ilə əldə edildiyini bilirdi”.

Hakim Z.Hacıyevanın 500 min funt sterlinq girov qarşılığında ev dustaqlığına buraxılmasına razılıq verə biləcəyini ifadə edib, amma prokurorlar dərhal buna etiraz ediblər. Beləliklə, Zamirə Hacıyeva həbsdə qalıb.

Xatırladaq ki, 55 yaşlı Zamirə Hacıyeva Londonun mərkəzində 15 milyon funt sterlinq dəyərində evdə yaşayır. Onun vəkilləri qadının "fırıldaqçı" olmadığını deyirlər.

O, Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (UWO) çərçivəsində həbs olunub.

Bu sərəncama əsasən o, var-dövlətinin hansı mənbədən əldə etdiyini açıqlamalıdır.

UWO, Britaniyada potensial çirkli pullara malik şübhəli korrupsioner xarici rəsmiləri hədəfləmək üçün yeni qanundur.

Westminster Magistr Məhkəməsində məlum olub ki, Zamirə Hacıyeva keçən həftə London polisi tərəfindən həbs olunub. Onun həbsi Azərbaycanda hakimiyyətin Zamirə Hacıyevanın Bakıya ekstradisiyası barədə xahişi ilə bağlıdır.

O, iki mənimsəmə ittihamı ilə üz-üzədir və ötən həftənin çərşənbə axşamı polisə təslim olduqdan sonra təcridxanada saxlanılır.

Məhkəmə hakimi Emma Arbuthnot razılaşıb ki, Zamirə Hacıyeva zaminə buraxa bilər. Bunun üçün o, 500 min funt sterlinq məbləğində zəmanət ödəməlidir.

Bu məbləği ödədikdən sonra isə o, Londonun mərkəzindəki evində qalmalı, Londonu tərk etməməli və hər gün polisə məlumat verməlidir.

Buna baxmayaraq, dövlət prokurorları dərhal etiraz ediblər. Bu isə onun təcridxanada qalacağı deməkdir.

Appelyasiya şikayətinin cümə axşamı günü Ali Məhkəmədə keçiriləcəyi gözlənilir. (BBC)