logo

Azərbaycan Şanxayda keçirilən Beynəlxalq İdxal Sərgisində təmsil olunur

10:24 05-11-2018 | icon 3178
Azərbaycan Şanxayda keçirilən Beynəlxalq İdxal Sərgisində təmsil olunur

Noyabrın 5-də Şanxayda birinci Çin Beynəlxalq İdxal Sərgisi işə başlayıb.

YeniAvropa xəbər verir  ki, Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin təxminən 170 ölkədən 3 mindən çox şirkətin təmsil olunduğu sərgini açıq elan edib. Bu, Çində idxal məhsullarının ilk sərgisi olmaqla yanaşı, dünyada ölkə səviyyəsində də birinci idxal sərgisidir. BMT-nin müvafiq qurumlarının və Dünya Ticarət Təşkilatının dəstək verdiyi tədbirin açılış mərasimində bir neçə ölkənin dövlət və hökumət başçıları, dövlət qurumlarının rəhbərləri iştirak edir.

Azərbaycanı bu beynəlxalq tədbirdə iqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə dövlət qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti təmsil edəcək.

Sərginin kənd təsərrüfatı və qida məhsulları, xidmət bölmələrində Azərbaycanın iki milli stendində “Made in Azerbaijan” brendi ilə istehsal olunan rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar və xidmətlər nümayiş olunur.

Ümumi sahəsi 30 min kvadratmetr olan ekspozisiya sahəsində 71 ölkənin stendi fəaliyyət göstərir. Bundan başqa, müxtəlif şirkətlər 270 min kvadratmerlik digər ekspozisiya zalında öz məhsullarını və xidmətlərini nümayiş etdirir. Sərgidə iştirak edən şirkətlərin 200-ü dünyanın 500 qabaqcıl firmalarının daxil olduğu siyahıda (“Fortune 500”) yer alanlardır.

Tədbir çərçivəsində 100-ə yaxın müxtəlif tədbir, o cümlədən forumlar, təqdimatlar və konfranslar keçiriləcək. Azərbaycan nümayəndə heyətinin üzvləri “Ticarət və investisiya”, “Bir kəmər, bir yol: ekoloji kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi”, “Qlobal ticarət və beynəlxalq logistika” mövzularına həsr olunmuş forumlarda iştirak edəcəklər.

Sərgini işqılandırmaq üçün müxtəlif ölkələrin 630 kütləvi informasiya vasitəsindən 4100 jurnalist qeydiyyatdan keçib.

Qeyd edək ki, ÇXR Sədri Si Cinpinin təşəbbüsü ilə keçirilən bu sərgi Çində iqtisadi islahatların başlanmasının və ölkənin xarici sərmayələr üçün açıq elan olunmasının 40-cı ildönümünə təsadüf edir. Bu islahatlar nəticəsində Çin kasıb bir ölkədə dünyanın ən böyük ikinci iqtisadiyyatına sahib dövlətə çevrilib.

Mütəxəssislər Çin Beynəlxalq İdxal Sərgisini Çin bazarının xarici məhsullara və xidmətlərə daha geniş formada açıq elan olunması kimi qiymətləndirirlər. Əhalinin maddi gəlirlərinin yüksəlməsi daha keyfiyyətli və geniş çeşiddə məhsullara ehtiyacı artırıb. “The Economist Intelligence Unit” təşkilatının proqnozlarına görə, 2030-cu ilədək Çində illik gəliri 10 min dollardan yuxarı olan insanların sayı 10 faizdən 35 faizə çatacaq.