logo

Oktyabrda respublika ərazisində 99 sürüşmə hadisəsi qeydə alınıb

15:51 03-11-2018 | icon 2772
Oktyabrda respublika ərazisində 99 sürüşmə hadisəsi qeydə alınıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planalma Ekspedisiyası oktyabrda ekzogen geoloji proseslərin dinamikası üzərində müşahidələri davam etdirib, mühüm sürüşmə obyektlərinin vəziyyətini öyrənib. Monitorinqlərin nəticələrinə görə, respublika ərazisində 99 sürüşmə hadisəsi qeydə alınıb. Onlardan 23-ü Bakıda baş verib.

YeniAvropa xəbər verir  ki, bu barədə ekspedisiyanın rəisi Əziz Qaralov məlumat verib.Onun sözlərinə görə, paytaxt üzrə aparılan monitorinqlərin nəticələrinə əsasən, Səbail rayonunda Badamdar sürüşmə sahəsində istinad divarlarında yerləşdirilmiş mayaklarda oktyabrın əvvəllərində çatlar, torpaq qatındakı mövcud çatlarda isə genişlənmələr müşahidə olunub. Oktyabrın 13-də isə ərazidə sürüşmə, çökmə-oturma prosesi baş verib. Prosesə məruz qalmış sahənin eni 200-220, uzunluğu 250-280, qırılma qaşının hündürlüyü isə 10 metrə bərabər olub. Hazırda ərazidə gərginlik qalmaqdadır. Rayonun Buxta küçəsi adlanan ərazisində isə monitorinqlər davam etdirilib, quraşdırılmış mayaklarda çatlar müşahidə edilməsə də, prosesin dinamikasında nisbi aktivlik qeydə alınıb.

Suraxanı rayonunda Zığ-1 sürüşmə sahəsində təbii və texnogen amillərin təsirindən sürüşmə prosesinin dinamikasında nisbi aktivlik müşahidə olunub. Bundan əlavə, Binəqədi rayonunda, I mədən yaşayış sahəsində, Binəqədi qəsəbəsi, Məlik Aslanov küçəsi və ətraf ərazilərində, Sabunçu rayonunda Maştağa-Zabrat, Zabrat-Məhəmmədi, Savalan, Şuşa şəhərciyi subasma sahələrində, Daş Karxanası yaşayış massivində, o cümlədən Xəzər rayonunun Qala qəsəbəsində atmosfer yağıntılarının təsirindən subasma prosesinin dinamikasında stabil gərginlik qeydə alınıb. Abşeron rayonunun Nübar qəsəbəsində təbii və texnogen faktorlar sürüşmə-çökmə sahəsində, Masazır qəsəbəsində Zəli gölü adlanan ərazidə isə sürüşmə və uçqun prosesinin dinamikasında nisbi aktivliyə səbəb olub.