Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 125 cinayət faktından 24-nün üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 16 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş üç yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, iki nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.