Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində-noyabrın 3-4-də səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.
Departamentdən YeniAvropa-ya verilən xəbərə görə, Böyük və Kiçik Qafqaz bölgəsində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun dağətəyi rayonlarda 15-20°, dağlıq rayonlarda 10-15° isti olacağı ehtimalı var.
Lənkəran-Astara bölgəsinə üz tutanları gün ərzində əsasən yağmursuz hava şəraiti gözləsə də, gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Havanın maksimal temperaturunun 17-20°, dağlıq rayonlarda 10-15° isti olacağı bildirilir.
Aran rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Havanın maksimal temperaturunun 17-22° isti olacağı ehtimal edilir.
Naxçıvan Muxtar Respublikasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 17-22° isti olacaq.
Paytaxtda hava şəraitinin əsasən yağmursuz keçəcəyi ehtimalı var. Şimal-şərq küləyinin üstünlüyü müşahidə olunacaq. Havanın maksimal temperaturunun 17-19° isti olacağı gözlənilir.