logo

Bakı-Tbilisi-Qars dəmir yolunun  açılışından bir il ötdü

11:15 30-10-2018 | icon 2863
Bakı-Tbilisi-Qars dəmir yolunun  açılışından bir il ötdü

Qitələri birləşdirən layihə adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolunun açılışından bir il ötür.

Bütün region üçün strateji əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli açılışı mərasimində Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstannın baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın baş naziri Georgi Kvirikaşvili, Özbəkistanın baş naziri Abdulla Aripov, habelə Tacikistan və Türkmənistan nümayəndə heyətləri iştirak ediblər. 

Bu yeni dəmir yol xətti Avropanın və Asiyanın dəmir yol şəbəkələrinin ən qısa yolla birləşdirilməsini təmin edir. Bu, təkcə üç ölkə arasında deyil, həm də Asiya və Avropa arasında ən qısa yoldur. O, yüklərin daşınmasına sərf edilən vaxtı iki dəfədən çox qısaltmağa imkan verir. Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.

Bakı-Tbilisi-Qars dəmir yolu Çinin elan etdiyi, Azərbaycan da daxil olmaqla bir sıra ölkələrin dəstəklədiyi “Bir kəmər – Bir yol” iqtisadi inkişaf strategiyası prizmasından nəzərdən keçirilir. Bu strategiya iki mühüm inkişaf istiqamətini əhatə edir: dünyanın 60-dan çox ölkəsini əhatə edən İpək Yolu iqtisadi kəməri və Dəniz İpək Yolu. İpək Yolunun uzunluğu 18 min kilometrdir. Söhbət Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa malgöndərmələr üçün ticarət dəhlizi yaradılmasından gedir. Bakı-Tbilisi-Qars dəmir yolunu İpək Yolu iqtisadi kəmərinin tərkib hissəsi kimi nəzərdən keçirsək, onun başlıca vəzifəsi Çindən və Cənub-Şərqi Asiyanın digər ölkələrindən Avropaya yük daşınmasıdır. İnamla deyə bilərik ki, bu dəmir yolu qitələrarası daşımalar üçün imkan yaradır.

Bakı-Tbilisi-Qars dəmir yolunun açılışından keçən bir il ərzində bu dəmir yolu ilə 3 minədək vaqon və konteyner daşınıb. BTQ ilə ilk konteyner qatarı Qazaxıstanın Kokşetau şəhərindən Türkiyənin Mərsin şəhərinə taxıl yüklənmiş 32 vaqon daşıyıb. Sonra Mərsindən Azərbaycana içərisində 650 ton yük olan 32 konteyner göndərilib. Hazırda Bakı-Tbilisi-Qars dəmir yolu ilə hər həftə Türkiyə, Azərbaycan və Qazaxıstan arasında 3 reys yerinə yetirilir. Əsasən inşaat materialları, elektrik avadanlığı, yuyucu vasitələr, taxıl, jmıx və digər məhsullar daşınır. BTQ ilə Rusiyadan Türkiyəyə taxıl daşınır. Bu günlərdə SOCAR və “ADY Konteyner” Bakı-Tbilisi-Qars dəmir yolu ilə Türkmənistanın Marı zavodundan Türkiyəyə karbamid göndərilməsini təmin ediblər.