logo

Göyçayda XIII Nar bayramı keçiriləcək

14:48 29-10-2018 | icon 3626
Göyçayda XIII Nar bayramı keçiriləcək

Noyabrın 3-4-də Göyçayda XIII Nar bayramı keçiriləcək.

YeniAvropa xəbər verir  ki, bu barədə rayonda bayrama hazırlıqla əlaqədar yaradılan təşkilat komitəsindən bildirilib. Qeyd edilib ki, artıq Göyçayda ənənəyə çevrilən bu gözəl tədbir şəhərin Heydər Əliyev parkında və prospektində, habelə şahmat və musiqi məktəblərinin qarşısındakı park və küçələrdə təşkil olunacaq. Göyçay şəhərində təmizlik-abadlıq işləri görülür, səliqə-sahman yaradılır, mərkəzi küçələr asfaltlanır, səkilər təmir edilir, binaların fasad hissələri rənglənir, ərazinin bayramsayağı bəzədilməsi üçün xüsusi şüarlar, plakat və lövhələr hazırlanır.

Rayon mədəniyyət evinin musiqi kollektivi, məktəblilərdən ibarət mahnı və rəqs qrupları, kəndirbaz və idmançılar bayram tədbirində çıxış edəcəklər. Tədbir zamanı Göyçayda nar və nar məhsullarının sərgi yarmarkası, eləcə də nar ilə bağlı müxtəlif müsabiqələr, oyunlar keçiriləcək. Qonaqlar əl əməyi ilə yüksək ustalıqla hazırlanacaq nar şirəsinin, nar şərabının, nardançanın, gilələnən narın dadına baxacaq, ən böyük nar nümayiş olunacaq.

Bayrama çoxsaylı qonaqlar dəvət edilib. Tədbirdə dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, xarici ölkələrin Azərbaycandakı səfirlərinin, ətraf rayonların icra hakimiyyətlərinin başçılarının, yerli və xarici iş adamlarının da iştirakı gözlənilir.

İki gün davam edəcək bayram tədbiri ölkənin tanınmış incəsənət ustalarının çıxışları və atəşfəşanlıqla başa çatacaq.

Noyabrın 4-də isə Heydər Əliyev parkında nar və nar məhsullarının satış-yarmarkaları, yerli musiqiçilərin iştirakı ilə konsert təşkil olunacaq, nardan hazırlanan müxtəlif əl işləri nümayiş etdiriləcək.

Müxtəlif turizm şirkətləri noyabrın 3-4-də Bakı şəhərindən Göyçaya endirimli qiymətlərlə tur-aksiyalar təşkil edəcəklər. Turistlər rahat nəqliyyat vasitələri ilə Göyçaya gələrək rayonun gəzməli-görməli yerləri ilə tanış olacaq, bayram tədbirinə qatılacaq, satış-yarmarkalarında nar məhsullarının dadına baxmaq və onları almaq imkanı qazanacaqlar.