logo

Bakıda Beynəlxalq Biznes Forum keçiriləcək

11:51 29-10-2018 | icon 3038
Bakıda Beynəlxalq Biznes Forum keçiriləcək

Noyabrın 2-də Bakıda  “Hyatt Regency” otelində  Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) Biznes Şurasının sədri olan Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) tərəfindən Qara Dəniz regionunda kiçik və orta sahibkarlığın inkişafına həsr edilmiş Beynəlxalq Biznes Forum təşkil olunacaq.

Bu haqda YeniAvropa-ya ASK-dan bildirilib. Qeyd edilib ki, tədbirdə QİƏT-ə üzv ölkələrinin sahibkarları, biznesə dəstək təşkilatları Azərbaycanda olan real investisiya imkanlarını müzakirə edəcək,  hazırda icra edilən investisya layihələri ilə yaxından tanış olacaq, habelə sahibkarlar arasında əməkdaşlıq əlaqələrinin artırılması məqsədilə B2B görüşlər təşkil ediləcək.

Xatırladaq ki, QİƏT 1992-ci il iyunun 25-də İstanbul şəhərində 11 ölkənin dövlət və hökumət başçılarının iştirakı ilə yaradılıb. Hazırda Albaniya, Azərbaycan, Bolqarıstan, Gürcüstan, Ermənistan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə və Ukrayna bu nüfuzlu beynəlxalq təşkilatın üzvləridir.Qurumun əsas məramı çoxtərəfli siyasi-iqtisadi əməkdaşlıq modeli kimi regional siyasi problemləri həll etmək, habelə bölgəyə sülh və əmin-amanlıq gətirməklə yanaşı üzv ölkələr arasında iqtisadi əməkdaşlığı gücləndirməkdən ibarətdir. Məhz təşkilatın üzv dövlətləri arasında biznes əlaqələrini inkişaf etdirmək məqsədilə QİƏT Biznes Şurası fəaliyyət göstərir.Azərbaycan Sahibkarlar Konfederasiyası bu ilin iyul ayının 1-dən etibarən 6 ay müddətinə Biznes Şuraya sədrlik edir.