logo

Yenidən qurulan Qax Damazlıq İpəkçilik Stansiyası istifadəyə verilib

18:41 28-10-2018 | icon 2835
Yenidən qurulan Qax Damazlıq İpəkçilik Stansiyası istifadəyə verilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 28-də Kənd Təsərrüfatı Nazirliyinin yenidən qurulan Qax Damazlıq İpəkçilik Stansiyasının açılışında iştirak ediblər.

YeniAvropa xəbər verir  ki, kənd təsərrüfatı naziri İnam Kərimov prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya burada yaradılan şərait barədə məlumat verdi.

Bildirilib ki, Qax Damazlıq İpəkçilik Stansiyasının əsası 1973-cü ildə qoyulub. Maliyyə çətinliyi səbəbindən stansiya 1998-ci ildən fəaliyyətini dayandırmışdı.  Prezident İlham Əliyevin ötən il imzaladığı sərəncamla Stansiyanın bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqla təchiz olunması məqsədilə KTN-ə 4,5 milyon manat vəsait ayrılıb.

Stansiyanın ümumi ərazisi 5 hektar, tikintialtı sahəsi 2 min kvadratmetrdən çoxdur. Stansiyanın ərazisində inzibati bina, hər biri ikimərtəbəli olmaqla laboratoriya və inkubasiya mərkəzi, həmçinin hibrid toxumların istehsalı mərkəzi var. Burada, eyni zamanda, baramaqurdu ailələrinin yemlənməsi binası da yaradılıb. Qax Damazlıq Stansiyasında yeni yaradılmış tut ipəkqurdu cins və hibridlərinin yüksək keyfiyyətli ilkin materialının hazırlanması, çoxaldılması, onların bioloji və texnoloji göstəricilərinin yaxşılaşdırılması, barama toxumu zavodlarının və kümçülərin ipəkqurdunun sənaye qrenası ilə yerli istehsal hesabına təmin edilməsi nəzərdə tutulub. Stansiyada hər il 2 min ton yaş barama istehsalını təmin edəcək 4 min qutu hibrid ipəkqurdu toxumunun, eyni zamanda, 4 kiloqram superelit və 50 kiloqram elit sinfinə aid ipəkqurdu toxumlarının istehsalı planlaşdırılır.

Stansiyanın ərazisində 3 hektar sahədə Çin texnologiyası əsasında intensiv tipli tut bağları salınıb. Bu müəssisənin istifadəyə verilməsi ölkəmizdə ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması baxımından müstəsna əhəmiyyətə malikdir. Bununla yanaşı, stansiya yeni iş yerlərinin yaradılmasında da mühüm rol oynayır. Hazırda stansiyada 11 nəfər daimi işlə təmin edilib. Müəssisə tam işə düşdükdən sonra burada 59 nəfər daimi, 150 nəfər isə mövsümi işlərlə təmin olunacaq.