logo

Azərbaycandan  Türkiyəyə  4,4 milyard m3 təbii qaz ixrac edilib

13:48 27-10-2018 | icon 3031
Azərbaycandan  Türkiyəyə  4,4 milyard m3 təbii qaz ixrac edilib

Türkiyə bu il Azərbaycandan 4,4 milyard kubmetrədək təbii qaz idxal edib.

YeniAvropa xəbər verir  ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb. Bildirilir ki, cari ilin avqust ayında Türkiyə Azərbaycandan 636 milyon kubmetr təbii qaz idxal edib. Avqustda Azərbaycan Türkiyənin ən çox təbii qaz idxal etdiyi ölkələr sırasında Rusiyadan (1,46 milyard kubmetr) sonra ikinci olub. İran isə avqustda Türkiyəyə 487 milyon kubmetr təbii qaz göndərib.

Bu ilin yanvarında Türkiyə Azərbaycandan 594,15 milyon kubmetr, fevral ayında 536,61 milyon kubmetr, martda 591 milyon kubmetr, apreldə 292,04, mayda 601 milyon kubmetr, iyunda 578 milyon kubmetr, iyulda 595 milyon kubmetr, avqustda isə 636 milyon kubmetr təbii qaz idxal edib. Beləliklə ilin ilk 8 ayında Azərbaycandan Türkiyəyə təqribən 4 milyard 424 milyon kubmetr qaz göndərilib.

Qeyd edək ki, Türkiyə Azərbaycandan təbii qazı Cənubi Qafqaz Boru Kəməri (CQBK) (Bakı-Tbilisi-Ərzurum) və TANAP-la idxal edir. 2006-cı ilin sonlarında istismara verilən CQBK hazırda Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır. Bu ilin yanvar-iyul aylarında bu kəmərlə 4 milyard 312,1 milyon kubmetr Azərbaycan təbii qazı göndərilib. Cənubi Qafqaz Boru Kəmərinin gündəlik orta ötürücülük gücü təqribən 21 milyon kubmetr qaz olub. Hesabat dövründə CQBK ilə bağlı fəaliyyətlərə təqribən 18 milyon dollar əməliyyat və 241 milyon dollar isə əsaslı xərclər sərf edilib. Kəmərin iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operatoru, SOCAR isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur.

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları belədir: BP (operator – 28,8 faiz), “AzSCP” (10 faiz), “Cənub Qaz Dəhlizi Midstrim” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKoil” (10 faiz), “NICO” (10 faiz), və “TPAO” (19 faiz).

Bu il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli isə planlaşdırıldığı kimi iyunun 30-da başlayıb. Bu vaxtadək TANAP-la Türkiyəyə 400 milyon kubmetrdən çox “Şahdəniz” qazı nəql edilib.

TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi STEAŞ-a, 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.