logo

Bank zəmanətləri üzrə vahid qaydalar hazırlanacaq

09:27 27-10-2018 | icon 2912
Bank zəmanətləri üzrə vahid qaydalar hazırlanacaq

Bank zəmanətləri üzrə vahid qaydalar hazırlanacaq.

YeniAvropa  Azərbaycan Banklar Assosiasiyasına (ABA) istinadla xəbər verir ki, "Ticarətin və layihələrin maliyyələşdirilməsi üzrə" Ekspert Qrupunun iclası keçirilib. İclasda bank zəmanətlərinin uçotunun aparılması və zəmanət üzrə benefisiar qarşısında öhdəliklərin icra olunması qaydaları, zəmanətə xitam verilməsi, tələblərin ödənilməsi proseduru, vergi şərtləri və s. məsələlər müzakirə edilib.

Əsas müzakirə olunan məsələlərdən biri də vahid "Bank zəmanətləri üzrə qaydalar"ın mövcud olmaması, həmin qaydaların yerli qanunvericiliklə yanaşı unifikasiya edilmiş beynəlxalq qaydalara uyğunlaşdırılmasıdır. Növbəti müzakirə olunan məsələ respublikadaxili zəmanətlər üzrə tətbiq olunan formalar olub.

Müzakirə nəticəsində qərar verilib ki, bu mövzuya düzəliş üçün qrup üzvləri fikir və rəylərini bildirəcək və müvafiq quruma tövsiyə məktubu ünvanlanacaq.

Sənədli akkreditivlər üzrə ayrıca qaydaların hazırlanması da qrup üzvlərinin müzakirə mövzusu olub. Hazırda ayrıca qaydalar həm bank zəmanətləri üzrə, həm də sənədli akkreditivlər üzrə mövcud deyil. Təklif olunub ki, Azərbaycan Respublikasının Mərkəzi Bankına və Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciətlər hazırlansın. Eyni zamanda, müraciətdə adı çəkilən qaydaların hazırlanması məqsədilə işçi qrup yaradılsın və bu qrupda ABA-nın "Ticarətin və layihələrin maliyyələşdirilməsi üzrə" Ekspert Qrupunun bəzi üzvləri də iştirak etsin.