“Türk Hava Yolları” aviaşirkəti İstanbulun yeni hava limanından Şimali Kipr Türk Respublikasının paytaxtı Nikosiya şəhərinə birbaşa uçuşlara start verir və Bakıdan sözügedən istiqamətə (İstanbul üzərindən) endirimli qiymətlə bilet təklif edir.
Aviaşirkətdən YeniAvropa-ya bildirilib ki, noyabrın 8-də açılacaq Bakı-İstanbul-Nikosiya istiqaməti üzrə aviabiletlərin onlayn satış zamanı qiyməti 129 avro (təxminən 258 AZN) təşkil edir. Bakıdan İstanbul üzərindən Nikosiyaya uçuşlar hər gün saat 14:10-da (çatma vaxtı – 18:05), əks istiqamətdə isə saat 05:35-də (çatma vaxtı – 13:15) həyata keçiriləcək. Sözügedən qiymətlərə 30 kiloqram baqaj və 8 kiloqram əl yükü daxildir.
Qeyd edək ki, endirimli qiymətlə alınan biletlə səyahəti bu ilin dekabrın 29-dək etmək mümkündür.