logo

Balakəndə II Beynəlxalq xurma festivalı keçiriləcək

13:11 26-10-2018 | icon 3080
Balakəndə II Beynəlxalq xurma festivalı keçiriləcək

Oktyabrın 27-28-də Balakən rayonunda II Beynəlxalq xurma festivalı keçiriləcək.

YeniAvropa xəbər verir  ki, festivalda Azərbaycanda fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatların, xarici ölkə səfirliklərinin, nazirlik və dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları və digər qonaqlar iştirak edəcəklər.

Balakən şəhərində festivala son hazırlıq işləri görülməkdədir. Tədbirlərin keçiriləcəyi məkanlar hazır vəziyyətə gətirilib, şəhərin müxtəlif guşələrində, park və meydanlarda festivalla bağlı reklam lövhələri qoyulub.

Festivala hazırlıq işləri üzrə təşkilat komitəsinin üzvü, rayon icra hakimiyyəti başçısının müavini Mehbarə Nuriyeva bildirib ki, festival çərçivəsində oktyabrın 27-də Balakən şəhərində “Xurmanın əhəmiyyəti və ölkə iqtisadiyyatında rolu” mövzusunda konfrans keçiriləcək.

Rəsmi açılış mərasimi oktyabrın 28-də Balakən şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət Parkında reallaşacaq.

Festival iştirakçıları parkın ərazisində xurma ağacları əkəcək, xurmadan hazırlanmış kompozisiyalara və kulinariya məhsullarına baxacaq, rayonda istehsal olunan kənd təsərrüfatı və sənaye məhsullarının sərgiləri ilə tanış olacaqlar. Parkda, həmçinin xurma məhsullarının – bəkməz və müxtəlif şirniyyatların, tətbiqi sənət nümunələrinin satış yarmarkası təşkil olunacaq, xurmaya aid ekspozisiyalar sərgilənəcək, yerli folklor kollektivləri və idmançılar çıxış edəcəklər.

Festival iştirakçıları “Balxurma” Məhdud Məsuliyyətli Cəmiyyətinin rayonun Katex kəndində yerləşən meyvə və giləmeyvələrin quru və yarımquru emalı müəssisəsinə baş çəkəcək, istehsal prosesi ilə də tanış olacaqlar.

II Beynəlxalq xurma festivalı respublika incəsənət ustalarının konsert proqramı ilə başa çatacaq.