logo

Avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

16:53 25-10-2018 | icon 2394
Avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Binəqədi rayonunda ictimai asayişi pozan, piyadaların və digər hərəkət iştirakçılarının həyatına ciddi təhlükə yaradan sürücülər barəsində ölçü götürülməsi üçün vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər əsasında Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, sonuncu belə tədbir zamanı rayonun 6-cı mikrorayon ərazisində saxlanılan “Niva” markalı avtomobilin sürücüsü Asiman Yusiflinin sənədləri yoxlanılan zaman onun nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etdiyi məlum olub.

Biləcəri qəsəbəsində yol hərəkəti qaydalarını kobud şəkildə pozan “Ford” markalı avtomobilin sürücüsü Ziya Hüsniyev saxlanılarkən onun avtomobili narkotik vasitələrin təsiri altında idarə etdiyi məlum olub. Binəqədi Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən avtomobilə baxış keçirilərkən sürücüyə məxsus siqaret qutusunda gizlədilmiş narkotik vasitə - qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb. Sürücü Z.Hüsniyev ilkin sorğu zamanı narkotik vasitə qəbul etdikdən sonra sükan arxasında əyləşdiyini etiraf edib. Onun barəsində toplanan material qərar qəbul edilməsi üçün Binəqədi Rayon Polis İdarəsinə göndərilib.

Tədbir zamanı avtomobili sərxoş vəziyyətdə idarə edən sürücülər də aşkarlanıb. Yol hərəkəti qaydalarını pozduğu üçün Binəqədi qəsəbəsində saxlanılan “Mercedes” markalı avtomobilin sürücüsünün nəqliyyat vasitəsini içkili halda idarə etdiyi məlum olub.

Bundan əlavə, avtomobildə konstruksiya dəyişikliyi edən sürücülər də müəyyənləşdirilərək saxlanılıb. Həmin nəqliyyat vasitələrinin sürücüləri barəsində protokol tərtib edildikdən sonra avtomobillər mühafizə olunan müvəqqəti duracağa yerləşdirilib.

Kobud qayda pozan sürücülər inzibati qaydada məsuliyyətə cəlb edilməklə yanaşı, polislər tərəfindən onlarla maarifləndirici söhbətlər aparılıb. Binəqədi rayonunda, eləcə də paytaxtın digər rayonlarında müvafiq tədbirlər bundan sonra da davam etdiriləcək.