Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargahın üzvləri Badamdar-20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasında monitorinqləri davam etdirirlər.
YeniAvropa xəbər verir ki, Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisi, qərargah üzvü Qoşqar Qurbanov aparılan monitorinqin saat 10:00-a olan nəticəsi haqqında məlumat verib.
Onun sözlərinə görə, ərazidə gərginlik qalmaqdadır. Sürüşmənin yuxarı hissəsində xırda uçqun prosesləri davam edir. Bundan əlavə, bir neçə lokal sahədə su çıxışları müşahidə edilir. Sürüşmənin sağ və sol hissəsində olan çatlarda nisbi artım qeydə alınıb. Sürüşmənin qaş hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik baş verməyib.