logo

Teleqüllə yaxınlığında 60-70 metr uzunluğunda çatlar yaranıb

22:19 04-01-2018 | icon 2058
Teleqüllə yaxınlığında 60-70 metr uzunluğunda çatlar yaranıb

Teleqüllədən 200-250 metr cənub – şərqdə torpaq qatında eni 10 sm-dən 1 m-dək, uzunluğu 60-70 metr olan müxtəlif istiqamətli çatlar qeydə alınıb. YeniAvropa xəbər verir ki,  bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov  məlumat verib. Onun sözlərinə görə,  prosesin baş verməsinə səbəb atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsidir.

Ekspedisiya rəisi daha sonra bildirib ki,  bundan əlavə, Zığ-1 sürüşmə sahəsində ay ərzində aparılan monitorinqlər nəticəsində lokal sahələrdə atmosfer yağıntıları və texnogen amillərin təsirindən sürüşmə prosesinin dinamikasında nisbi aktivlik müşahidə olunub. Eyni zamanda, Günəşli yaylası (çökmə) oturma sahəsi aktivləşib: “Masazır qəsəbəsində “Zəli gölü adlanan ərazidə təbii və texnogen amillərin təsirindən sürüşmə və uçqun prosesinin dinamikasında nisbi aktivlik qeydə alınıb. Habelə Nübar qəsəbəsində sürüşmə – çökmə sahəsində aktivlik baş verib”.

Ə. Qaralov həmçinin, qeyd edib ki, Bayıl, Badamdar, Əhmədli-1, Əhmədli-2, Əhmədli – Günəşli arası, “N. Nərimanov dairəsi 31/33”, “N. Nərimanov döngəsi” sürüşmə sahələrində monitorinq işləri davam etdirilib və quraşdırılmış mayaklarda çatlar, prosesin dinamikasında isə aktivlik müşahidə edilməyib. (APA)