logo

İndiyədək “Şərqi Azəri” platformasından 61 milyon ton neft çıxarılıb

12:39 23-10-2018 | icon 3031
İndiyədək “Şərqi Azəri” platformasından 61 milyon ton neft çıxarılıb

Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokuna daxil olan “Şərqi Azəri” platformasından hasilata başlanandan ötən 12 ildə buradan 452 milyon barrel neft hasil edilib.

YeniAvropa xəbər verir  ki, bu barədə “BP Azerbaijan” şirkətindən bildirilib. Qeyd edilib ki,  2006-cı il oktyabrın 22-dən cari ilin birinci yarısındadək “Şərqi Azəri” platformasında ümumi neft hasilatı 452 milyon barrel və ya 61 milyon ton olub.

Qeyd edək ki, Bakıdan təxminən 100 kilometr şərqdə yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar bloku Xəzər hövzəsinin Azərbaycan sektorunda ən iri neft yatağıdır. AÇG yatağı 6 hasilat platformasından (“Çıraq”, “Mərkəzi Azəri”, “Qərbi Azəri”, “Şərqi Azəri”, “Dərinsulu Günəşli”, “Qərbi Çıraq”) və ən müasir texnologiyalarla təchiz edilmiş 2 texnoloji emal, kompressiya, suvurma və texnoloji təchizat platformasından ibarət olan kompleksə malikdir. Dənizdəki qurğulardan dünyanın ən böyük və ən səmərəli terminallarından biri olan və gündə 1,2 milyon barrelədək nefti qəbul və emal etmək gücündə olan Səngəçal terminalına neft nəql etmək üçün Xəzər dənizinin dibi ilə mürəkkəb sualtı boru kəmərləri şəbəkəsi çəkilib.

“Çıraq” yatağı 1997-ci ildən istismardadır. “Mərkəzi Azəri”dən hasilat 2005-ci ilin əvvəllərində başlayıb. “Qərbi Azəri” 2005-cı ilin dekabrından, “Şərqi Azəri” isə 2006-cı il oktyabrından istismardadır. “Dərinsulu Günəşli”dən hasilat 2008-ci ilin aprel ayında başlanıb. Hasil edilən məhsul bu kompleksi “Azəri” yatağında yerləşən əvvəlcədən quraşdırılmış sualtı boru kəmərləri şəbəkəsinə birləşdirən 30 düymlük iki neft kəməri və 28 düymlük tək qaz kəməri ilə qurudakı Səngəçal terminalına nəql edilir.

Bu ilin yanvar-iyun aylarında “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasilat 108 milyon barrel, yəni 15 milyon ton təşkil edib. Hesabat dövründə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. AÇG-dən ümumi hasilat – “Çıraq” (49 min), “Mərkəzi Azəri” (158 min), “Qərbi Azəri” (127 min), “Şərqi Azəri” (96 min), “Dərinsulu Günəşli” (107 min) və “Qərbi Çıraq” (59 min) platformalarından birlikdə gündəlik orta hesabla 596 min barrel olub.

İki rübdə AÇG-də ümumilikdə 116 neft hasilat quyusu, 53 qaz və su quyusu istismarda olub. Altı ayda blokda 6 neft quyusu və 2 su injektor quyusu qazılıb. İlin ilk 6 ayında AÇG layihəsinə təqribən 236 milyon dollar əməliyyat və 552 milyon dollar isə əsaslı məsrəflər xərclənib.

AÇG-də tərəfdaşların iştirak payları bu nisbətdədir: BP - 30,37 faiz, “AzAÇG” (SOCAR) - 25 faiz, “Chevron”- 9,57 faiz, “Inpex” - 9,31 faiz, “Equinor” - 7,27 faiz, “ExxonMobil” - 6,79 faiz, “TPAO” - 5,73 faiz, “Itochu” - 3,65 faiz və “ONGC Videsh Limited” (OVL) - 2,31 faiz.

Xatırladaq ki, ötən il sentyabrın 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş Sazişi imzalayıblar. Saziş Milli Məclis tərəfindən oktyabrın 31-də ratifikasiya olunub.

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur. Bu yatağın əməliyyatçısı isə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) adından çıxış edən BP şirkətidir.