logo

“BakuBuild Azerbaijan” sərgisində 22 ölkədən 301 şirkət iştirak edir

14:41 22-10-2018 | icon 2863
“BakuBuild Azerbaijan” sərgisində 22 ölkədən 301 şirkət iştirak edir

Sabah Bakı Expo Mərkəzində  öz işinə başlayacaq XXIV Azərbaycan Beynəlxalq İnşaat (“BakuBuild Azerbaijan”) sərgisində dünyanın 22 ölkəsindən 301 şirkət iştirak edəcək.

YeniAvropa xəbər verir  ki, bu haqda sərgi təşkilatçıları bu gün keçirdikləri mətbuat konfransında bildiriblər.  "ITE Group " şirkətinin icraçı direktoru Edvard Stroon oktyabrın 23-də açılacaq XXIV Azərbaycan Beynəlxalq inşaat və XI Beynəlxalq istilik, havalandırma, kondisionerləşdirilmə, su təchizatı, santexnika və üzgüçülük hovuzu sərgiləri barədə ətraflı məlumat verib. Onun sözlərinə görə,  “Xəzər İnşaat Həftəsi” regionda iştirakçıların sayına görə qeyri-neft sektorunun ən böyük sərgi tədbiridir. Sərgi tikinti və memarlıq, layihələndirmə və təmir sahəsində bütün regionun ən mühüm peşəkar tədbiri hesab olunur. Hər il bir sıra dünya ölkələrini təmsil edən minlərlə mütəxəssis bu sərgini ziyarət edir və burada biznes tərəfdaşları ilə əlaqə yaradır.

Bildirilib ki, “BakuBuild Azerbaijan” sərgisinin iştirakçıları ziyarətçilər üçün inşaat materiallarının bütün çeşidlərini əhatə edən ekspozisiya hazırlayıb. Bu il sərgi tikinti materialları, döşəmə örtükləri, keramika, üzlük daşlar, mərmər, qapı və pəncərələr, eləcə də interyer məmulatlarının geniş çeşidini əhatə edəcək. Lak-boya sektoru həm yerli, həm də xarici şirkətlər tərəfindən lazımı səviyyədə təmsil olunacaq. Sərgidə otaqlararası və giriş qapılarının, eləcə də bağ evləri və ofis binaları üçün metal və avtomatik qapıların geniş çeşidi ilə nümayiş etdiriləcək.

Ənənəvi olaraq, dam materialları və taxta məmulatları da tədbirdə geniş şəkildə sərgilənəcək. Builki yeniliklər arasında innovativ qarışıqlar, beton, cilalama maşınları, beton paya və plitələr hazırlamaq üçün yüksək texnoloji dəzgahlar və bir sıra digər məhsullar yer alır.

Nəzərə çatdırılıb ki, sərgidə milli qruplar təmsil olunur. İştirakçılar arasında Azərbaycan, ABŞ, Danimarka, Finlandiya, Kanada, Çin, Rusiya, Sloveniya, Türkiyə, Ukrayna, Yunanıstan və digər ölkələri təmsil edən şirkətlər yer alır. Keçirildiyi illər ərzində sərgi özünü məhsul və xidmətlərin bazarda təşviq edilməsi üçün səmərəli vasitə kimi doğrulda bilib. Builki sərgidə dəfələrlə tədbirin iştirakçısı olmuş dörd milli qrup iştirak edir. Belə ki, tədbirin ənənəvi iştirakçısı - Almaniya milli stendi bu dəfə də Almaniya Federal İqtisadiyyat və Energetika Nazirliyi (BMWI) və Almaniya Sərgi Sənayesi Assosiasiyası (AUMA) ilə əməkdaşlıq çərçivəsində təmsil olunur. Polşanın İnvestisiya və Ticarət Agentliyi isə Polşa milli stendinin təşkilatçısı qismində çıxış edir. Artıq uzun illərdir ki “Dubai Export” şirkəti BƏƏ-nin aparıcı şirkətlərini sərgiyə cəlb edir. İtaliya birgə stendinin iştirakı “Iteca Caspian” şirkətinin İtaliyadakı tərəfdaşı - “Invernizzi Group” şirkəti tərəfindən təşkil edilib. Builki debütantlar arasında Rusiyanın iki kollektiv regional stendi yer alır. Belə ki, sərgidə Udmurtiya İxracın inkişafı korporasiyasının rəhbərliyi ilə Udmurtiya diyarının şirkətləri, Tümen diyarının İxraca dəstək mərkəzinin rəhbərliyi ilə isə Tümen şirkətləri debüt edir.

Mətbuat-konfransında, həmçinin bildirilib ki, sərgidə iştirak edən şirkətlərin 40 faizini yerli şirkətlər təşkil edir. Azərbaycan şirkətlərinin fəal iştirakı isə “BakuBuild Azerbaijan” sərgisinin uğurlu olmasına böyük töhfədir. Yerli şirkətlər öz məhsullarını “Made in Azerbaijan” brendi altında beynəlxalq səviyyədə təqdim etmək üçün bu sərgidən istifadə edir. Burada iştirak isə işgüzar münasibətləri genişləndirərək yeni əlaqələr qurmağa imkanı verir. “BakuBuild Azerbaijan” sərgisinin qeydiyyat sponsoru tədbirin müntəzəm iştirakçısı - “Corella” brendini təqdim edən “NB Group” şirkətidir, baş informasiya tərəfdaşı qismində isə “Dom i İnteryer” (Ev və İnteryer) jurnalı çıxış edir.

Tədbirdə “Aquatherm Baku 2018” sərgisi haqqında da məlumat verilib. Qeyd olunub ki, sərgi iştirakçıları ziyarətçilərə havalandırma və istilik sistemlərini, su üçün boru və filtrləri, isidici qazanları, nasosları, hidrantları və bir sıra digər məhsulları təqdim edəcəklər. Sərgidə müxtəlif istehsalçıların təklif etdikləri məişət və sənaye kondisionerləri, yastı su qızdırıcılarının geniş çeşidi də nümayiş olunacaq. Həmçinin otaqlarda mikroiqlimi uzaqdan idarə etmək üçün IT texnologiyalar da təklif ediləcək.

Eyni zamanda, “BakuBuild Azerbaijan” və “Aquatherm Baku” sərgilərinin ikinci iş günü də dolğun keçəcək və təşkilatçıların sərgi günlərində dəfələrlə təşkil etdikləri “В2В” formatlı görüşlər ilə başlayacaq. Bu görüşlər yerli mütəxəssislər, dilerlər və distribyutorlar ilə onların xarici həmkarları arasında peşəkar dialoqun aparılması üçün əlavə və səmərəli işgüzar platformaya çevrilib. Bunun ardınca isə gənc memarlar arasında inşaat sahəsi üzrə ən orijinal həll variantını ehtiva edən qalib layihəni seçmək üçün Azərbaycan Memarlar İttifaqı ilə “Iteca Caspian” şirkətinin birgə tədbiri olan “Unikal layihə” adlı tədbir keçiriləcək.

Bundan başqa, Bakı Ekspo Mərkəzinin foyesində “Bagcam.az” - uşaq bağçaları şəbəkəsi tərəfindən uşaqlar üçün təşkil olunan əyləncə zonası fəaliyyət göstərəcək. Burada valideynlər öz uşaqlarını təhlükəsiz zonaya ötürdükdən sonra sərgi stendlərini rahat şəkildə ziyarət edə biləcəklər.

“BakuBuild Azerbaijan 2018” sərgisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Memarlar İttifaqı, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən dəstəklənir.

Xatırladaq ki, “BakuBuild Azerbaijan 2018” sərgisi oktyabrın 23-dən 26-dək Bakı Ekspo Mərkəzində keçiriləcək.