İtaliyada “Trans-Adriatik” (TAP) təbii qaz boru kəmərinin tikintisi ilə bağlı görülən işlərdən razıyıq.
YeniAvropa xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov deyib.
“Hazırda İtaliyada TAP-ın tikintisi ilə bağlı işlərin aparılmasından razıyıq. Sözsüz ki, müəyyən texniki məsələlər var, kiçik və daha çox nəzərə çarpmayan gecikmələr olur. Bu, texniki məsələlərdən asılı olan proseslərdir. İtaliyada baş verən siyasi proseslər, o cümlədən yeni hökumətin seçilməsi və bu məsələyə bir sıra siyasətçilərin öz fikrini bildirməsi bizə məlumdur. Amma bütövlükdə biz hesab edirik ki, bu layihə İtaliyanın özü üçün çox önəmli layihədir. TAP həm İtaliyanın qaz təminatının şaxələndirilməsinə, həm bu ölkənin bazarına yeni mənbədən təbii qazın çatdırılmasına, həm də İtaliya bazarında qazın qiymətinin tənzimlənməsinə xidmət edəcək. TAP layihəsi İtaliyanın dekarbonizasiya siyasətinə müsbət təsir göstərəcək. O cümlədən layihə İtaliya şirkətlərini fəaliyyətə cəlb edir və bununla da həmin ölkədə yeni iş yerləri açılır. Biz düşünmürük ki, hər hansı bir ölkə belə bir layihəyə qarşı çıxış edə bilər”, - deyə nazir əlavə edib.