logo

27 kq-dək narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

14:07 20-10-2018 | icon 2485
27 kq-dək narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Daxili işlər orqanları tərəfindən narkotiklərə qarşı qətiyyətli mübarizə davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  YeniAvropa-ya  bildiriblər ki, oktyabrın 19-da bu istiqamətdə keçirilən tədbirlər nəticəsində 27 kiloqrama yaxın narkotik vasitə, həmçinin xeyli sayda güclü təsiredici psixotrop tərkibli həblər aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin qərb bölgəsində regional şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Gəncə şəhərində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Elman Həsənovun evindən çəkisi 25 kiloqram 882 qram marixuana aşkarlanaraq götürülüb.

Beyləqan rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Qasımov saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərində narkotik vasitə aşkar olunub. Davam etdirilən tədbirlər nəticəsində onun yaşadığı evdən əlavə olaraq bir kiloqrama yaxın marixuana aşkarlanıb.

Masallı rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Köçərli kənd sakini Tarix Gülverdizadənin idarə etdiyi “Mercedes” markalı avtomobildən 208 ədəd, şəhər sakini, əvvəllər məhkum olunmuş Cahid Bağırovdan isə 53 ədəd metadon həbləri aşkarlanaraq götürülüb.

Davam etdirilən tədbirlərlə C.Bağırova həbləri satmaqda şübhəli bilinən Ərkivan qəsəbə sakini Səid Məmmədli də polis əməkdaşları tərəfindən müəyyənləşdirilərək saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.