logo

Energetika Nazirliyi və “BP Azerbaijan” Niyyət Məktubu imzalayıb

16:10 19-10-2018 | icon 2793
Energetika Nazirliyi və “BP Azerbaijan” Niyyət Məktubu imzalayıb

Oktyabrın 19-da Energetika Nazirliyi və “BP Azerbaijan” şirkəti arasında kiçik su elektrik stansiyalarının enerji istehsalı göstəricilərinin təkmilləşdirilməsi ilə bağlı Niyyət Məktubu imzalanıb.

Nazirlikdən YeniAvropa-ya bildirilib ki, Niyyət Məktubu Energetika Nazirliyinin Azərbaycanda kiçik su elektrik stansiyalarının enerji istehsalı göstəricilərinin təkmilləşdirilməsi məqsədinin dəstəklənməsini nəzərdə tutur.

Sənədə əsasən Azərbaycanın kiçik dağ çaylarının hidroenerji potensialını gücləndirmək məqsədilə aparıcı məsləhətçi şirkət olan “SNC-Lavalin's Atkins” tərəfindən bölgələrdə mövcud kiçik su elektrik stansiyalarının iş səmərəliliyini artırmaq üçün qiymətləndirmə aparılacaq.

Energetika nazirinin müavini Samir Vəliyev deyib: “Bu sənəd “BP Azerbaijan” ilə uzunmüddətli enerji əməkdaşlığımızın növbəti bir uğurudur. Ümid edirik ki, bu əməkdaşlıq neft-qaz sektorunda uğurlu təcrübənin bərpaolunan enerji mənbələrindən istifadə sahəsində də tətbiqinə imkan yaradacaq və ölkənin enerji balansında bərpaolunan enerji mənbələrinin payının artırılması hədəfinə çatmağa kömək edəcəkdir”.

“BP Azerbaijan”ın əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli isə bildirib: “Bu layihə bizim sosial sərmayələr üzrə gördüyümüz işlər çərçivəsində ölkənin potensialının inkişaf etdirilməsi təşəbbüslərinə dəstək olmaq barədə götürdüyümüz öhdəliyə uyğundur. Biz bu layihədə Energetika Nazirliyinə dəstək olmaqdan məmnunluq duyuruq və ümid edirik ki, bu əməkdaşlıq böyüyərək gələcəkdə daha güclü və geniş tərəfdaşlığa çevriləcək”.

“SNC-Lavalin's Atkins” şirkəti fəaliyyətdə olan bir sıra kiçik su elektrik stansiyalarının işini yoxlayacaq və həmin stansiyaların iş səmərəliliyinin necə təkmilləşdirilə biləcəyinə dair tövsiyələrini verəcək. Mövcud stansiyaları nəzərdən keçirmək və yeni stansiyaların tikilməsi üçün mümkün sahələri qiymətləndirmək məqsədilə “Atkins” şirkətinin beynəlxalq ekspertlərinin əraziyə səfərləri təşkil olunacaq.