logo

İlham Əliyev Lerik rayonunda Piran-Hamarat avtomobil yolunun açılışında iştirak edib

19:33 15-10-2018 | icon 2961
İlham Əliyev Lerik rayonunda Piran-Hamarat avtomobil yolunun açılışında iştirak edib

Oktyabrın 15-də prezident İlham Əliyev Lerik rayonunun Piran-Hamarat-Vijaker avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib.

YeniAvropa xəbər verir  ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına Piran-Hamarat-Vijaker avtomobil yolunda aparılan yenidənqurma işləri ilə bağlı məlumat verib.

Otuz min nəfərin yaşadığı və 50 yaşayış məntəqəsini birləşdirən bu avtomobil yolunun tikintisi üçün prezident İlham Əliyevin 2013-cü ildə imzaladığı sərəncamla Lerik rayon İcra Hakimiyyətinə ilkin olaraq 2 milyon manat, 2014-cü ildə imzalanan sərəncamla isə əlavə olaraq 7 milyon manat ayrılıb. 2016-cı ildə imzalanan digər Sərəncama əsasən isə yolun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,6 milyon manat vəsait ayrılıb və yolun tikintisi başa çatdırılıb.

Ümumi uzunluğu 36 kilometr, eni 6 metr olan yol 4-cü texniki dərəcəyə aiddir və ikizolaqlıdır. Yolun inşası zamanı müxtəlif diametrli suötürücü borular tikilib, iki körpü keçidi inşa olunub. Bu yolun tikilməsi bölgədə sərnişin və yük daşınmasını xeyli yaxşılaşdırmağa imkan verəcək. Həmçinin sözügedən avtomobil yolunun tikintisi yerli və xarici turistlərin ərazidə yerləşən istirahət mərkəzləri və yerli tarixi mədəniyyət abidələri ilə də tanış olmalarına şərait yaradacaq.

Prezident İlham Əliyev yeni yolun rəmzi açılışını bildirən lenti kəsib.