Ziya Bünyadov ilə Azadlıq prospektlərinin kəsişməsində dairəvi hərəkət bərpa edilir
Ziya Bünyadov prospektindəki kənar yol ilə Azadlıq prospektinin kəsişməsində nəqliyyatın dairəvi hərəkəti bərpa edilir.
Bakı Nəqliyyat Agentliyindən YeniAvropa-ya bildirilib ki, bu, yol infrastrukturunun təkmilləşdirilməsi, nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri çərçivəsində Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri tərəfindən hazırlanan layihənin icrası sayəsində mümkün olub. Dəyişikliyə əsasən, Atatürk prospektindən Ziya Bünyadov prospektindəki kənar yolla hərəkət edən nəqliyyat vasitələri Azadlıq prospekti və mərkəz istiqamətində hərəkətlərini davam etdirə və ya geriyədönmə əməliyyatını həyata keçirə bilərlər. Ziya Bünyadov prospekti ilə 20 Yanvar və Qələbə dairəsi istiqamətindən gələn nəqliyyat vasitələri də Azadlıq prospekti-Binəqədi şosesi istiqamətində hərəkətlərini davam etdirə biləcəklər. Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə kəsişməsində isə (Atatürk prospekti istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti işıqfor vasitəsilə nizamlanacaq.
Agentlik sürücülərdən qeyd edilən ərazidə hərəkət edərkən işıqforun və yol nişanlarının tələbinə riayət etmələrini xahiş edir.