Bakı şəhərinin Səbail rayonu ərazisində, Badamdar-20-ci sahə yolundakı sürüşmə təhlükəsinin artması ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) həmin ərazidə tədqiqat işlərini genişləndirib.
Mərkəzin informasiya şöbəsindən YeniAvropa-ya bildiriblər ki, AMEA nəzdində RSXM-in baş direktoru, akademiyanın müxbir üzvü Qurban Yetirmişlinin göstərişi ilə mərkəzin çöl ekspedisiyasında olan ayrı-ayrı şöbələrinin əməkdaşları geri çağırılaraq, sürüşmə ərazisində aparılan tədqiqat işlərinə cəlb olunublar.
Hazırda RSXM-in əməkdaşları ərazidə gücləndirilmiş iş rejimində işləyirlər.
Xatırladaq ki, oktyabrın 11-dən başlayaraq mərkəz tərəfindən sürüşmə ərazisində bir neçə istiqamətdə kompleks tədqiqatlar aparılır.