Nyu-Dehlidə Hindistan-Azərbaycan Hökumətlərarası Komissiyanın V iclası keçirilib
Azərbaycan Respublikası və Hindistan Respublikası arasında Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfdən həmsədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin başçılıq etdiyi nümayəndə heyəti Hindistanın Nyu-Dehli şəhərində səfərdədir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən YeniAvropa-ya bildiriblər ki, səfərin məqsədi ölkələr arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın V iclasında iştirak etməkdir.
Səfər çərçivəsində keçirilən görüşlərdə Xarici İşlər, İqtisadiyyat, Energetika, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət, Təhsil, Səhiyyə nazirliklərinin, Dövlət Turizm, Qida Təhlükəsizliyi agentlikləri, Dövlət Gömrük Komitəsi, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi", “Azərbaycan Dəmir Yolları", “Azərbaycan Hava Yolları”, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar cəmiyyətlərinin nümayəndələri də iştirak edirlər.
İclasda iki ölkə arasında ticarət və iqtisadi əməkdaşlığın statusu nəzərdən keçirilib, ətraf mühitin mühafizəsi, investisiya, nəqliyyat, enerji, maliyyə, mədəniyyət, əczaçılıq, kənd təsərrüfatı, heyvandarlıq, rabitə və informasiya texnologiyaları və dağ-mədən sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub.
Sonda Azərbaycan Respublikası və Hindistan Respublikası arasında Hökumətlərarası Komissiyanın 5-ci iclasının yekunlarına dair Protokol və 2019-2023-cü illər üzrə Mədəni Mübadilə Proqramı imzalanıb.