Oktyabrın 12-də gecə saatlarında Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şosesində (Badamdar-20-ci sahəni birləşdirən yol) kəskin maili dağ yamacında, əvvəllər tikilmiş istinad divarının yaxınlığında torpaq qatının çökməsi halı qeydə alınıb.
Bu barədə YeniAvropa-ya Səbail rayon İcra Hakimiyyətindən məlumat verilib.
Qeyd edilib ki, məsələ ilə əlaqədar Fövqəladə Hallar Komissiyasının, Səbail Rayon İcra Hakimiyyətinin və Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbərliyi, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssisləri hadisə yerində olublar. Müvafiq qurumların mütəxəssisləri tərəfindən ərazidə araşdırmalar aparılır.
Vətəndaşların və Badamdar yolundan keçən avtonəqliyyat vasitələrinin təhlükəsizliyinin təminatı üçün müvəqqəti olaraq Badamdar şosesinin bu əraziyə düşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Əraziyə yaxın obyektlərin fəaliyyəti dayandırılıb, Badamdar qəsəbəsi 3-cü yaşayış massivində dağ yamacının üst hissəsində yerləşən 8 fərdi yaşayış evlərində yaşayan vətəndaşlara müvəqqəti olaraq evlərini tərk etmələri ilə bağlı xəbərdarlıq edilib.
Hazırda ərazidə araşdırmalar aparılır.