logo

Bakıda "Avrasiya" Koordinasiya Şurasının iclası keçirilib

17:30 10-10-2018 | icon 2870
Bakıda "Avrasiya" Koordinasiya Şurasının iclası keçirilib

Azərbaycanın paytaxtı MDB ölkələrinin milli aeronaviqasiya xidməti provayderlərini birləşdirən "Avrasiya" Koordinasiya Şurasının 35-ci müşavirəsinə ev sahibliyi edib.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, müşavirədə 15 ölkədən 90 iştirakçı, o cümlədən MDB ölkələri - Azərbaycan, Rusiya, Qazaxıstan, Belarus, Qırğızıstan, Tacikistan, Özbəkistanın milli aeronaviqasiya xidməti provayderlərinin baş direktorları, həmçinin ICAO, Dövlətlərarası Aviasiya Komitəsi, IATA və digər beynəlxalq aviasiya təşkilatlarının nümayəndələri iştirak ediblər.

Oktyabrın 10-da "AZAL"ın prezidenti Cahangir Əsgərov müşavirəni giriş sözü ilə açıb. Daha sonra müşavirə "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin direktoru Fərxan Quliyev və "Avrasiya" Koordinasiya Şurasının sədri – "Hava Hərəkətinin Təşkili üzrə Dövlət Korporasiyası" FUDM-nin baş direktoru İqor Moiseenkonun çıxışları ilə davam edib.

Hava daşınmalarına artan tələbatı və Avrasiya ölkələrinin strateji geosiyasi mövqeyini nəzərə alaraq, aeronaviqasiya təminatının harmonizasiyası və bu ölkələr arasında hava məkanının təşkilinin uzunmüddətli birgə planlaşdırılması mühüm əhəmiyyət kəsb edir.

Müşavirə zamanı "Avrasiya" üzv dövlətlərinin milli aeronaviqasiya xidməti provayderlərinin nümayəndələrinin MDB dövlətlərinin aeronaviqasiya sistemlərinin vəziyyəti və inkişaf planları barədə məruzələri dinlənilib.

Qeyd edək ki, "Avrasiya" Koordinasiya Şurası 1999-ci ildə yaradılıb. Onun təsisçiləri "Hava Hərəkətinin Təşkili üzrə Dövlət Korporasiyası" FUDM (Rusiya), "Kazaeronaviqasiya" RDM (Qazaxıstan), "Azəraeronaviqasiya" (Azərbaycan), "Belaeronaviqasiya" DM (Belarus), "Kırqızaeronaviasiya" DM (Qırğızıstan), "Tadjikaeronaviasiya" DUM (Tacikistan) və "Uzaeronaviqasiya" Mərkəzidir (Özbəkistan).