Oktyabrın 8-də Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Arıçılar Assosiasiyası ilə birgə Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisində XIX Arıçılıq məhsullarının sərgi-satış yarmarkasının açılışı olub.
YeniAvropa xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Anar Hüseynov jurnalistlərə müsahibəsində yarmarkaya respublika üzrə 371 sahibkardan 150 ton süzmə balın gətirildiyini, onun 5 tonunun isə çərçivə halında olduğunu söyləyib.
A.Hüseynov qeyd edib ki, respublikamızın müxtəlif bölgələrindən gətirilən arıçılıq məhsulları Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılaraq kodlaşdırılıb.
Ümumilikdə isə, bütün bal məhsulları ekspertizadan keçirilərək, 900 nümunənin keyfiyyətsiz olduğu aşkar edilib və xüsusi anbarlara yığılıb. Nazirlik nümayəndəsi balın satış qiymətinə heç kimin müdaxilə etmədiyini, bunu arıçıların özlərinin müəyyənləşdirdiyini diqqətə çatdırıb.
Həmçinin vurğulanıb ki, ilk dəfə olaraq Azərbaycan Arıçılar Assosiasiyası da yarmarkanın təşkilatçısı qismində iştirak edir.
A.Hüseynov əlavə edib ki, bal yarmarkasının ildə iki dəfə keçiriləcəyi barədə təkliflər olarsa, bu məsələyə baxıla bilər.
Qeyd edək ki, arıçılıq məhsulları yarmarkası oktyabrın 8-dən 28-dək Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, 10 ünvanında (Tofiq Bəhramov stadionunun ərazisi) keçirilir.