Gürcüstan hökumətinin yeni tərkibi və qarşıdakı dörd il üçün fəaliyyət planı etimad göstərilməsi üçün noyabrın 25-də yeni seçilmiş parlamentə təqdim olunacaq.
YeniAvropa xəbər verir ki, bu barədə baş nazir İrakli Kobaxidze hökumətin noyabrın 18-də keçirilən iclasında məlumat verib.
İ.Kobaxidze nazirlərə və nazirliklərə müraciət edərək bildirib ki, noyabrın 25-də hökumətin tərkibi ilə yanaşı, dördillik fəaliyyət proqramı da təqdim olunmalıdır. Bunun üçün də bütün məsələlər dəqiqləşdirilməlidir.
“Hökumət proqramında bir sıra iddialı məqsədlər var. Qarşıdakı dörd il ərzində ölkəmizi tamamilə fərqli inkişaf mərhələsinə keçirməliyik. Bunu hökumət proqramımız təmin edəcək. İndi əsas məsələ hər gün işləyərək bütün hədəfləri layiqincə yerinə yetirməkdir”, - deyə İ.Kobaxidze vurğulayıb.